Azərbaycanda kosmetik məhsulların satışı həyata keçirən "Sevilla Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinin xanım menecerinə hökm oxunub.
1992-ci il tarixdə Ukraynada doğulmuş Aytən Hüseynova (soyad şərti) "Sevilla Baku" MMC-yə külli miqdarda ziyan vurmaqda ittiham edilib.
O, şirkətdə menecer vəzifəsində çalışdığı dövrdə - 2019-2020-ci illər ərzində 435.402,67 manatlıq məhsulunun satışını həyata keçirib. Xanım menecer 2020-ci ilin müxtəlif aylarında əldə etdiyi həmin vəsaitdən 57.380,67 manat pulu xəzinəyə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməkdə ittiham olunub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Aytən Hüseynova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək deyinb ki, 1 yanvar 2019-cu ildə əmək müqaviləsi əsasında menecer vəzifəsində işə başlayıb. Qeyd edib ki, sözügedən vəsaitdən yalnız 5250 manatı aylıq maaşı kimi götürüb. 5250 manat onun 23 aylıq maaşı olub, həmin məbləğ yığıldığı üçün bir dəfəyə götürüb. 2019-cu ildən 2020-ci ilə qədər, yəni bir il həmin şirkətdə çalışıb. Əslində 4 il işləyib, yəni 2017-ci ildən fərdi şəkildə orda çalışıb. Lakin rəsmi olaraq 2019-ci ildən işə başlayıb. Bu müddətdə maaş almayıb: "Digərləri kimi, mən də satılan dərmanlardan faiz götürürdüm. Məsələn, 15.000 manatlıq mal satanda 750 manat bonus almışam. 2019-2020-ci ildə şirkətdən maaş almadan dərman satışından gələn gəlirlərin faizi ilə işləmişəm".
Məhkəmənin qərarı ilə Aytən Hüseynova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib./qaynarinfo