“MƏSCİDDƏ DƏ NARKOTİK İSTİFADƏ ETMİŞƏM” – Babək: “Anam deyirdi ki, belə yaşamaqdansa, get özünü öldür”

Yeniyetmə yaşlarından narkotik istifadə edən müsahibimiz həyatını “Stop narkotik”ə danışıb

Babək 9-cu sinifdən “nəşə” (marixuana), 11-ci sinifdən psixotrop dərmanlar istifadə etməyə başlayıb. Deyir ki, narkotikə özü meyl edib, bu yola düşməsində heç bir kənar təsir olmayıb.

Mingəçevir Tibb Texnukumunun Əczaçılıq fakültəsini bitirib. Texnikumda oxuduğu illərdən - 2014-2015-ci ildən, özünün təbirincə desək, ağır narkotikə “oturub”.

Uzun illər ağır narkotik istifadəçisi olub! Bu səbəbdən, dəfələrlə həbs edilib. Amma hər dəfə azadlığa çıxdıqdan sonra yenidən narkotik istifadə edib: “2018-ci ildə həbasdən çıxanda özümə söz verdim ki, bir daha narkotik istifadə etməyəcəm. Amma yenə də sözümü tuta bilmədim. Bu səbəbdən, 2020-ci ildə yenidən həbs olundum”.

44 günlük Qarabağ savaşında düşmənə qarşı vuruşan Babək uzun müddət “öz içindəki düşməni” məhv edə bilməyib. Hətta müharibə zamanı da narkotikdən əl çəkməyib. “Düşünürdüm ki, müharibə narkotik asılılığından xilas olmaq üçün yaxşı fürsətdir. Amma çox heyf ki, orada da narkotik tapdım”, - deyən həmsöhbətimiz bildirir ki, savaşdan döndükdən sonra da zərərli vərdişindən əl çəkmədiyi üçün yenidən həbs olunub.

O, artıq 25 aydır “ayıqdır”! Hazırda “12 Addım” Reabilitasiya Mərkəzində çalışır, öz təcrübəsini orada müalicə alan gənclərlə bölüşür və onların da sağlam həyata qayıtmasına çalışır.

Məsciddə, qəbiristanlıqda da narkotik istifadə etdiyini deyən Babək bildirir ki, onun maddə asılılığı doğmalarına da əzab yaşadıb. “Mamam deyirdi ki, belə yaşamaqdansa, get özünü öldür”, – deyən Babək həyatını “Stop narkotik”ə danışıb.

Buyurun, izləyin, verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.

Stopnarkotik.az