"2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisədir. Bundan əvvəl Azərbaycan xalqı prezident seçkilərində öz layiqli namizədinə səs verdi. Fevralın 7-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb".
Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
“Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, seçkilər həm ölkədə, həm də beynəlxalq miqyasda yaxşı mənada səs salsın. Məqsədimiz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinin təmin edilməsidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
PA rəsmisi seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.
“Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayı xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlanmışıq. Komissiyaların binaları hər cür lazımi şəraitlə təmin olunmalıdır".
Z.Nagdəliyev vurğulayıb ki, seçkilərədək siyahını dürüstləşdirmək vacibdir.