Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Marneuli bələdiyyəsində seçki qutusuna bülletenlər atan şəxs saxlanılıb.
Bu barədə məlumatı Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, insidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Gürcüstanda seçki günü Tbilisi yaxınlığında Marneuli bələdiyyəsində bir şəxsin seçki qutusuna bir neçə bülleten atmasını əks etdirən görüntülər yayılıb. Hadisədən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvili məsələ ilə bağlı cinayət işinin başladıldığını bildirib. Bununla yanaşı, sözügedən məntəqənin nəticələri də ləğv edilib.
“News24.ge” portalı bülletenləri atan şəxsin Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərov olduğunu yazıb. Hadisənin Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində qeydə alındığı bildirilib./“qafqazinfo”