Bakıda iş yoldaşı Pənhan Fərzalını qətlə yetirməkdə ittiham olunan çörək və un məmulatları istehsal edən şirkətdə çörəkçi işləyən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutub.
Şahid qismində ifadə verən Sevinc Məmmədova bildirib: “Şahlar yanvar ayında bizə gəldi. Sakit və mədəni uşaq idi. Onun heç bir pis əməlinin şahidi olmamışam. Hətta ona kirayə ev də vermişdim”.
İş üzrə digər şahid Elmar Məlikzadə bildirib ki, Şahlarla aralarında heç bir ədavət olmayıb: "Taksi sürücüsü işləyirəm. Hadisə günü Şahların iş yoldaşı Pünhanla idim. Maşını saxlayıb aşağı düşdüm. Gördüm, Şahlarla Pünhan mübahisə edirlər. Şahların əlində bıçaq var idi. Bıçağı ondan almaq istədim, amma bacarmadım. Uşaqlar qaçıb maşına mindilər, mən də onlarla birlikdə getdim. Pünhan yanımda oturmuşdu. Gözləmirdik, amma Şahlar bizim arxamızca gəldi. Maşının qapısını açmaq istəyəndə Pünhan maşından düşdü. Elə həmin anda Şahlar onu bıçaqladı.”
Növbəti məhkəmə prosesi mayın 26-na təyin edilib.
Xatırladaq ki, hadisə ötən ilin martında paytaxtın Yasamal rayonu ərazisində baş verib.
1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Şahlar Ağayev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.
Məlum olub ki, Şahlar Ağayev çörək və un məmulatları istehsal edən şirkətdə çörəkçi işləyib, Pünhan Fərzalı da onun iş yoldaşı olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.