Sabiq nazir müavini 10 il həbs cəzası aldı

Qazaxıstanın Almatı şəhərinin rayonlararası cinayət işləri üzrə ixtisaslaşdırılmış məhkəməsi əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Nurjan Altayevi xüsusilə külli miqdarda rüşvət aldığına görə 10 il müddətinə azadlıqdan məhrum edib.

Məlumatı “Kazinform” yayıb.

Məlumata görə, o, 2018-ci ilin fevral ayından 2020-ci ilin iyul ayına kimi “Atameken” AES-in maraqlarına ümumi himayədarlıq və lobbiçilik fəaliyyətinə görə ümumilikdə 115 min dollar və 8 milyon 150 min təngə məbləğində rüşvət kimi pul alıb. Təqsirləndirilən şəxsin təqsiri şahid ifadələri, mobil telefon yazışmaları, gizli istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutlar və s. ilə sübuta yetirilib.

Bildirilib ki, məhkəmə onu ömürlük dövlət qulluğu tutmaqdan məhrum edib.

Qeyd edək ki, Nurjan Altayev 2017-2018-ci illərdə kənd təsərrüfatı nazirinin müavini, 2018-2019-cu illərdə əmək və əhalinin sosial müdafiə nazirinin müavini işləyib. 2019-cu il fevarlın 19-da Qazaxıstaının keçmiş Prezidenti Nursultan Nazarbayevin sədrlik etdiyi Nur Otan Partiyasında siyahı ilə deputat seçilib.