Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 29-na təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.
Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib./pravda.az