Rusiya İl-76 hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan şəxslərin hamısının öldüyünü təsdiqləyib.
Bu barədə Belqorod vilayətinin qubernatoru teleqramda yazıb.
O bildirib ki, təyyarə yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb.
Qubernatorun sözlərinə görə, hazırda qəza yeri mühasirəyə alınıb: “Bütün əməliyyat xidmətləri işləyir, istintaq tədbirləri aparılır”.
"Rusiyanın Belqorod vilayəti ətrafında “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı informasiya araşdırılır.
Bu isə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik qeyd edib ki, Ukraynanın rəsmi şəxslərinin açıqlamasını gözləyir, Rusiyanın yaydığı xəbərlərə inanmırlar.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, Rəsmi Kiyev “İl-76” hərbi-nəqliyyat təyyarəsini vurmaqla ağılagəlməz vəhşilik aktı törədib.
Nazirlik vurğulayıb ki, bu hadisə Ukrayna ilə istənilən razılaşmanı şübhə altına alır.
Qeyd edək ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 74 nəfər ölüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölənlərdən 65-i əsrilikdə olan Ukrayna hərbçisi, 6-sı ekipaj üzvü, 3-ü isə müşayiətçidir.
***14:44
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.
“RBK Ukraina”ya görə, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub. Bu barədə media qurumuna Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, təyyarə S-300 kompleksləri üçün raketlər daşıyıb.
Bundan başqa, Ukrayna tərəfinin yaydığı məlumata görə, təyyarə raketlə vurulub.
***14:01
Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.
Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.
**13:25
Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.
İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.
Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.
“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, - deyə qubernator vurğulayıb.
İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.
Mənbə: “112” “Telegram” kanalı