Paytaxtda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən Tural Nağıyevin cəzası 9 il 10 aya endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi onun cəzasını 6 ay azaldıb.
Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.
Belə ki, T.Nağıyev “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.