Paytaxtda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmədə şahidlər dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hadisənin əsas şahidlərindən olan Elşən Əliyev dindirilib. Onun sözlərinə görə, hadisə günü zərəçəkmişlərlə birlikdə olub:
Zərərçəkmiş Camal Həsənovu tanıyırdım, çünki qardaşı ilə münasibətimiz var idi. Mən taksi fəaliyyəti ilə məşğulam. Camal mənə zəng etdi ki, çörək yemək istəyirik bizi Huqqa restoranına apar. Mən də onlarla əyləşmişdim. Onlar pivə içmişdilər. Mərhum Cəsarət Vəliyev kriminal aləmin üzvlərindən olan "Rövşən Lənkəranski"nin adına olan mahnını sifariş verdi. DJ isə sifarişi yerinə yetirməkdən imtina edərək, onlarda rəhbərlik tərəfindən bu tip mahnıların səsləndirilməsinə qadağa qoyulduğunu bildirdi. Mən çölə çıxmışdım və sonradan içəri gələndə gördüm ki, Camalın dodağı partlayıb. Tərəflər aşağı düşdülər. Mən hadisə vaxtı onların necə və kim tərəfindən bıçaqlanmasını görməmişəm.
Hamı dağılandan sonra Camalla Cəsarəti yerdə qan içində gördüm. Camal yaralı idi və onun köməkliyi ilə mərhum Cəsarət Vəliyevi maşına mindirdim. Yollar boş olduğundan onları təcili olaraq "Semaşkoya" çatdırdım. Cəsarət Vəliyevi xəstəxanaya çatdıranda o canını tapşırdı".
Daha sonra şahid qismində iki polis əməkdaşı Rüstəm Quluzadə və Kamal Cavadov ifadə veriblər. Onlar ərazilərində qətl hadisəsi törədildiyindən cinayətkarları zərərsizləşdirmək üçün əməliyyat axtarış tədbirləri həyata keçiriblər:
"Cəsarət Vəliyevin qətlə yetirilməsi və Camal Həsənovun isə xəsarət alması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirirdik. Şübhəli şəxs qismində İlqar Abdurrahmanovu Binəqədi rayonunda saxladıq. Onun üstünə baxış keçirmək üçün 19-cu polis bölməsinə dəvət etdik. Baxış zamanı cibindən 1 bükümdə heroin aşkar edildi".
Məhkəmə iş üzrə şahidlərin yekunlaşdığını elan edib və gələn prosesdən sənədlərin tədqiqinə başlanılacağını bildirib.
Məhkəmənin növbəti iclası mayın 29-na təyin edilib.
Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.
Hadisədə Cəsarət Vəliyev qətlə yetirilib, Camal Həsənov isə xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs-qətimkan tədbiri seçilib.
Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib./"unikal"