Ərəblər şikayət etdi, işindən qovuldu - Acığa düşüb “Sədəf” restoranını soydu

Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən "Sədəf” restoranında oğurluq hadisəsi baş verib. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəyə görə 2001-ci ildə Bakı şəhərində dünyaya gəlmiş İlkin Hacizadə adlı şəxs saxlanılıb və barəsində protokol dərc edilərək, iş məhkəməyə göndərilib. 

İlkin Hacizadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək deyib ki, 2022-ci ildə ayyarım "Sədəf" restoranında ofisiant işləyib və restorana gələn ərəb müştərilərin şikayəti əsasında işdən çıxarılıb.

24 avqust 2022-ci il tarixdə o, Dənizkənarı Parkda gəzişərkən pulu olmadığı və çoxlu borcları olduğu üçün "Sədəf" restoranından oğurluq etmək qərarına gəlib. Restorana arxa qapıdan daxil olub və yerdə tapdığı daşla qapının şüşəsini zədələyib, sonra isə təpiklə şüşəni qıraraq içəri daxil olub. Kassa aparatını üzərindəki açarla açaraq ordan 1100 manat götürüb. Pulun 500 manatını borclu olduğu şəxsə verib, qalanını isə xərcləyib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ziyanı ödəmək üçün kuryer işinə düzəldiyini, maaşını və avansı alan kimi ziyanı ödəyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə İlkin Hacizadəyə ümumilikdə 2 il 8 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifələri qoyulub.