Bakıda qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Kamran Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Paytaxtın Sabunçu rayon sakini 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Həmin məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.
İstintaqla cinayətin zərərəçəkmiş şəxslə eyni ünvanda kirayədə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis əməkdaşları tərəfindən saxlanılan Kamran Əliyev ifadəsində bildirib ki, Sabunçu qəsəbəsində xalası gildə yaşayıb. Mərhum Hüsnü Əliyevdə həmin ünvanda kirayədə qalıb.
İyulun 27-si saat 22:00 radələrində Hüsnünün qaldığı həyətdə oturub yemək yeyərkən 2 şüşə araq içiblər. İkinci şüşə qurtarmağa az qalmış ev yiyəsi Həsən Qənbərov gəlib və onlarla əyləşərək 2-3 badə içib sonra isə süfrədən qalxıb. Hüsnünün cüzi iradlarına görə aralarında mübahisə yaranıb. Qonşusunun söyüşlərindən əsəbləşərək ona küçəyə çıxıb söhbət etməyi təklif edib. Masadan qalxdıqda o, həyətdəki soyuducunun üstündən özünə məxsus bıçağı götürüb əlində saxlayaraq çölə çıxıb.
Darvazadan təxminən 10 metr aralıda Hüsnünün ürək nahiyyəsinə bir zərbə endirib. Aldığı xəsarətdən xırıldadığını görüb qonşusunun qoluna girərək onu darvazaya tərəf gətirib. Orada Hüsnü yerə yıxılıb. Səsə çölə çıxan ev yiyəsinin yanında yaralını qoyaraq hadisə yerindən qaçıb.
Kamran Əliyev ifadəsinin davamında bildirib ki, Binə qəsəbəsində yaşayan dostunun yanına gedib və gecə onun tanışının evində qalıb. Dostuna kirayədə qaldığı evdə qonşusu ilə dalaşdığını bildirib. Amma onu öldürdüyünü deməyib.
Qəsəbəyə maşınla gələrkən dəmir yolu keçidində bıçağı pəncərədən tullayıb. Səhərisi gün avtobus dayanacağında polis əməkdaşları onu saxlayaraq şöbəyə gətiriblər.
Məhkəmə iclasında Kamran Əliyev ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.
Sonda məhəkəmnin hökmü ilə Kamran Əliyev CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub.