Qonşu qadına qarşı plan qurdular, polis kimi evə girib... - Bakıdakı cinayətin təfərrüatı / FOTOLAR

Bakıda 76 yaşlı qadını mənzilində qətlə yetirməkdə təqsirli bilinən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 76 yaşlı Nailə Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər.

Məlum olub ki, qonşusu Vüsal İsayev və Şəmsi Məhərrəmov Nailə Sultanovanı stəkanla qətlə yetirib.O, stolun üstündəki stəkanı götürərək qadının sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.

İş üzrə dindirilmiş Şəmsi Məhərrəmov ifadəsində Vüsal İsayevlə hoteldə mühafizəçi işlədiyini bildirib. Aralarında dostluq münasibətləri yaranıb. Aradabir Vüsalın yaşadığı Hövsan qəsəbəsinə gəlib-gedib. 

Hadisədən 2-3 gün əvvəl dostu qonşuluqda 3-cü mərtəbədə Nailə adlı qadının yaşadığını, baş mühasib işləməsini, imkanlı olmasını, oğlu təhsili ilə əlaqədar Ukraynaya getdiyinə görə evdə tək qalmasını söyləməklə oranı qarət etməyi təklif edib.  

Vüsalın planına əsasən qonşu kimi Nailəgilə keçdikdən sonra Şəmsi qapını döyüb, özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək mənzilə daxil olmalı idi. 

Aprelin 19-u saat 12:00 radələrində İsayev zəng vurub onu Hövsana çağırıb. Buna görə 2-3 saatdan sonra Şəmsi Vüsalın yaşadığı binanın qarşısında gəlib. Razılaşmaya görə dostu qapını döyüb, qonşu kimi Sultanovanın evinə keçib. Bu zaman o, aşağıda pilləkəndə gözləyib.

Təxminən 5 dəqiqədən sonra Şəmsi qapını döyərək özünü polis əməkdaşı kimi təqdim edib və ev sahibəsinin razılığı ilə içəri girib. Üzbəüz əyləşdikdən sonra Şəmsi Nailə Sultanovadan iş yerində olan problemi ilə maraqlanıb. Hətta ona kömək edəcəyini söz verib. 

Bu zaman Vüsal digər otağa keçib. Məqsəd o idi ki, İsayev yataq otağında pul və qızıl əşyalarını axtarıb tapsın. Şəmsi divandakı yastığı götürüb Sultanovaya yaxınlaşıb və əşyanı onun üzünə sıxaraq boğmağa başlayıb. Həmin an Vüsal da otağa qayıdaraq Nailəyə güc tətbiq edib.

Qadının müvaqiməti zəifləmədiyindən İsayev masada olan stəkanla onun sol qulağına 2 dəfə zərbə endirib. Sultanovanın ölümünə əmin olduqdan sonra evdə axtarış aparıblar. Evin giriş qapısını çöldən Şəmsi bağlayıb. Salafan torbaya qoyduğu qanlı əsgini və açarı 9 mərtəbəli binanın yaxınlığındakı zibil qutusuna atıb. Sonra Vüsalla kafedə yemək yeyiblər və hər ikisi qadını öldürməklərinə heyifsilənərək etdikləri əməldən peşman olublar. 

Digər təqsirləndirilən Vüsal İsayev qeyd edib ki, Şəmsi qadını boğanda o da dostuna kömək edib. Çünki Sultanova sağ qalsaydı, onu tanıya bilərdi. Qızılları yaşadığı mənzilin pəncərəsindən tuulayıb. 

Məhkəmə prosesində Vüsal İsayev ittiham üzrə özünü təqsirli hesab etməyib və qeyd edib ki, sözügedən cinayəti törətməyi dostu təklif edib.  

Belə ki, Şəmsi deyib ki, atası xəstədi və müalicəsinə pul lazımdı. Razılaşmaya əsasən onlar yalnız evi qarət etməli idilər. İsayevin sözlərinə görə, pul qabında təxminən 70 manat olub. Lakin vicdanı imkan verməyib ki, o pulları götürsün. O bilib ki, həmin məbləğ qadının dərman pulu olub. Bu səbəbdən otağa qayıdıb, Şəmsini mənzildən çıxarıb. Qadın isə sağ-salamat evində qalıb. Küçəyə çıxandan sonra o, yeni işə düzəldiyi şirniyyat sexinə yollanıb. Şəmsinin hara getməsindən xəbəri olmayıb. Axşam evə gələndə qonşulardan Nailə Sultanovanın evində ölməsini eşidib. O, Şəmsinin ifadəsi ilə razı olmadığını qeyd edib. 

Mərhumun oğlu Məmmədmirzə Sultanov təqsirləndirilən şəxslərdən yalnız qonşusu Vüsalı tanıdığını bildirib. O, hər ikisinə ən yuxarı cəza təyin edilməsini xahiş edib.

Sonda məhkəmənin hökm ilə Şəmsi Məhərrəmov 19 və Vüsal İsayev isə 20 il azadlıqdan məhrum olunublar.