Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi olub.
Daha sonra dövlət ittihamçısı Ziya Mansurov təqsirləndirilən şəxsə cəza istəyib. Onun 8 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Bundan sonra təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib. Ona yüngül cəza verilməsini, yəni şərti cəza verilməsini xahiş edib.
A. Əsədov da son söz deyib. O, vəkili ilə razı olduğunu bildirib. Daha sonra hakimlər hökm elan edib.
Hökmə əsasən ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub, 4 il 6 ay şərti cəza verilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və başqa yerə getmək barədə qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Onların arasında 40 manat borca görə mübahisə yaranıb.
Zərərçəkən Ramo Əliyev qohumu olan təqsirləndirilən şəxsdən aldığı borcu qaytarmayıb.
Qohumların mübahisəsindən bir neçə saat sonra Arzuman Əsədov Ramo Əliyevə zəng edərək görüşmək istədiyini deyib. Onlar Lökbatan qəsəbəsi ərazisində görüşüb, yenidən mübahisə edərkən Arzuman Əsədov Ramo Əliyevə qəfil bıçaq zərbələri endirməyə başlayıb.
Xəstəxanaya çatdırılan Ramo Əliyevə 5 bıçaq xəsarətinin yetirildiyi məlum olub.