Bakıda iki qardaşı bıçaqlayaraq birinin ölümünə səbəb olmaqda təqsirli bilinən Zərdab rayon sakini Nazim Mirzalızadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Binə qəsəbəsindəki "Atçılıq" yaşayış sahəsi ərazisində "Məkan" adlanan avtoservisin qarşısında Nazim Mirzalızadə Elşən Orucovun sinə nahiyəsinə və onun qardaşı Samirin qarın nahiyəsinə bıçaq zərbələri vurub. Elşən Orucov xəstəxanaya çatdırılarkən yolda ölüb, Samir isə yaralı vəziyyətdə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Nazim Mirzalızadə polis əmədaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən olunub ki, taksi fəaliyəti ilə məşğul olan Nazim Mirzalızadə martın 17-si axşam saat 23:00 radələrində özünə məxsus "VAZ 21015" markalı avtomobillə Binə qəsəbəsində yol kənarında dayandığı vaxt əvvəllər tanımadığı Sevinc Hüseynova azyaşlı oğlu ilə Elşən Orucovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla ora gəlib və tələsik düşərək digər taksi sürücüsü Ağa Əliyevin istifadəsində olan "VAZ 21011" markalı avtomobilə minib. Sürücü maşını hərəkətə gətirən zaman Elşən Orucov Sevinc Hüseynova ilə aralarında olan münasibətə aydınlıq gətirmək üçün avtomobili saxlamağı tələb etsə də, qadın Orucovdan qorxduğunu bildirərək Ağa Əliyevdən avtomaşını sürməyi xahiş edib.
Bir az getdikdən sonra Sevinc yol haqqı kimi sürücüyə verməyə pulunun olmamasını bildirdiyindən o, qadınla uşağı qəsəbədə yerləşən körpünün yanında düşürüb.
Təxminən 10-15 dəqiqədən sonra Namiz Mirzalızadə öz avtomobili ilə həmin yerdən keçərkən Sevinc Hüseynova və oğlunu görüb maşını saxlayıb və digər taksidən düşməsinin səbəbini soruşub. Qadın yol pulu olmadığına görə sürücünün onları orada düşürdüyünü bildirdikdən sonra onlara yazığı gəlib və hər ikisini maşına otuzdurub yaşadıqları ünvana aparıb.
Saat 23:45-də Nazimə zəng vuran Elşən Sevinci “Atçılıq” yaşayış massivinə qaytarmasını tələb edib, lakin Mirzalızadə qadını uşaqla evlərinə çatdırıb və sonra “Məkan” adlı avtoservisin yanına gəlib. Orada Elşən Orucov və qardaşı Samir Hüseynov qadını tələb olunan yerə gətirmədiyinə görə onunla mübahisə etməyə başlayıblar. Elşən sifət nahiyəsindən yumruqla vuraraq onunla əlbəyaxa olub. Nazim isə onu bir qədər itələyib məqam taparaq mobil telefonla DİN-in 102 xidmətinə zəng edib döyülməsi barədə məlumat verib.
O, Elşən və Samir tərəfindən döyülməsi barədə xəbər verdikdən sonra dava daha da kəskinləşib. Qardaşların söyüşlərinə dözməyən Nazim üzərindəki bıçaqla Elşən Orucovun ürəyinə bir zərbə vurub. Sonra isə onları aralaşdırmağa çalışan Samirin qarın nahiyəsinə bir zərbə endirib.
Samirin idarə etdiyi avtomaşınla 3 saylı şəhər xəstəxanasına gedərkən Elşən aldığı bədən xəsarətindən yolda ölüb. Samirə isə tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Məhkəmə prosesində Nazim Mirzalızadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Mirzalızadə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi N.Mirzalızadənin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb./olke.az