Ötən ilin sentyabr ayında Quba rayonu ərazisində 23 yaşlı İnci Səfərlinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qəzanı törədən sürücü, 22 yaşlı Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Quba Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə vaxtı N.Nəsirov avtomobili yüksək sürətlə idarə edirmiş. Belə ki, Abşeron rayonu Məmmədli qəsəbəsində yaşayan Nihat Bakıda akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində tibb bacısı işləyən İncini sevirmiş və onlar evlənmək qərarına gəliblər. Lakin qızın ailəsi bu izdivaca razı olmayıb və onu Quba rayonu Təngəaltı kəndində yaşayan qohumlarının evinə göndəriblər. Hadisə də Nihat dostu İlhamla birgə Qubaya gedib İncini qaçırarkən baş verib.
İnci Səfərlinin anası məhkəmədəki ifadəsində bildirib ki, Nihatın ailəsi hadisədən 1 ay əvvəl onunla əlaqə saxlayıb:
“Qızım Topçubaşov adına xəstəxanada tibb bacısı işləyirdi. 2023-cü ilin iyununda mənə Nihat adlı şəxsdən xoşunun gəlməsini bildirmişdi. Bundan bir ay sonra Nihatın anası zəng edərək onların münasibətləri barədə bildirdi. Oğlanın anasına bu işdən xəbərimin olduğunu, lakin Nihatın heç yerdə işləmədiyini, işə düzələcəyi halda elçi gələ biləcəklərini dedim. Avqustun 23-ü qızımı Qubaya göndərdik. Sentyabrın 5-i gecə saat 3-də hadisə baş verib. Nihatla bağlı heç bir şikayət və tələbim yoxdur”.
Qəzada xəsarət almış Nihatın dostu İlham Kərimov bildirib ki, hadisə zamanı İncinin qohumları onları təqib edirmiş:
“Sentyabrın 4-ü axşam saatlarında Bakıda dostum Nihat Nəsirovla görüşdük. Nihat İnci adlı qızla münasibətəri olduğunu, lakin qarşı tərəfin valideynlərinin narazı olduğunu dedi. Bir qədər sonra Nihat İncini Quba rayonundan qaçırmağı təklif etdi.
İnci “WhatsApp”la olduğu yerin məkan məlumatını göndərdikdən sonra Nihatın idarə etdiyi “Hyundai Matrix” markalı avtomobillə Qubaya getdik. Təngəaltı kəndinə çatdıqdan sonra İncinin olduğu məhəllədə dayandıq. Bu zaman tanımadığımız şəxs avtomobilə yaxınlaşaraq dayanmağımızın səbəbini soruşdu. Nihat həmin şəxsə nişanlısı İncini aparması üçün gəldiyini bildirdi. Həmin şəxs onlardan uzaqlaşaraq divarın dibində oturdu, bir qədər sonra İnci evdən çıxaraq gəlib maşına əyləşdi. Biz yola düşdükdən sonra adını bilmədiyimiz həmin şəxs öz avtomobili ilə bizi təqib etməyə başladı. Həmin şəxsdən uzaqlaşmaq üçün Nihat maşını yüksək sürətlə, yəni 140-150 km/saat sürətlə idarə etməyə başladı. Bir qədər getdikdən sonra avtomobil ani olaraq yoldan çıxıb çayın dərəsinə aşdı. Sonra huşumu itirmişəm və xəstəxanada özümə gəlmişəm”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Nihat Nəsirova 4 il müddətinə azadlıqdan məhrumetmə və 2 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.
Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.