Putinin qızı 10.7 milyon dolları necə qazanıb? – Moskvada 9 milyon dollarlıq evdə yaşayır...

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova 2019-2022-ci illərdə Yeni Tibb Şirkətinin (New Medical Company - NOMEKO) əməkdaşı kimi 944 milyon rubl (10.7 milyon dollar) qazanıb.

Bunu hazırda ekstremizm və digər ittihamlarla 19 il həbs əzasına məhkum edilən müxalif siyasətçi Aleksey Navalnının komandası yanvarın 15-də yaydığı araşdırmada bildirir.

Araşdırmaya görə, ixtisasca endokrinoloq olan Vorontsova 2019-cu ildə NOMEKO-nun həmtəsisçisi və direktorlar şurasının üzvü kimi işləməyə başlayıb. NOMEKO-nun Rusiyanın “Sogaz” şirkəti ilə birbaşa əməkdaşlıq sayəsində pul qazandığı qeyd edilir. Bu şirkətin qismən sahibi Putinin yaxın dostu, Rusiyanın ən zəngin adamlarından biri Yuri Kovalçukdur.

NOMEKO-da maaşı və dividentlərindən savayı Vorontsova Moskva Dövlət Universitetindən ayda 110 min rubl (1250 dollar) maaş alır. Navalnı komandasının araşdırmasına görə, orada o, fundamental tibb fakültəsinin işçisi kimi qeydiyyatdadır.

Araşdırmada qeyd olunur ki, Vorontsovanın ikinci əri Yevgeni Naqornı ilə Moskvanın mərkəzində 230 kvadrat metrlik, dəyəri 800 milyon rubl (9 milyon dollardan çox) olan penthausa sahibdir. Vorontsovanın Moskva yaxınlığında 400 milyon rublluq daha bir evi var./azpolitika.info