Prokurorluqdan Sumqayıtdakı dəhşətli qətllə bağlı açıqlama

Sumqayıtda arvadını öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Stopnarkotik.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, iyunun 26-da 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 1993-cü il təvəllüdlü Balafər Muradovun qeyd edilən tarixdə Sumqayıt şəhəri, Beton zavod ərazisində yaşadığı evdə arvadı Leyla Muradovanı aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Balafər Muradova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.