Prezident iki nazir müavinini İŞDƏN ÇIXARDI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinə iki yeni müavin təyin edilib.

Bununla əlaqədar indiyədək nazir müavini vəzifələrini tutan Azər Cəfərov və Vilayət Zahirov işdən çıxarılıblar.

Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Keçmiş müavinlərin yerinə Mübariz Əhmədov və Toğrul Hüseynov 

Qeyd edək ki, 70 yaşlı A.Cəfərov 12, 66 yaşlı V.Zahirov isə 20 ildir ki, nazir müavini idi. 

Qeyd edək ki, Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.

Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.

1986-cı ildə prokurorluq orqanlarına keçib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir.

Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikası medalı, "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı, Rusiya Vəkillər Gildiyasının "Fayda, şərəf və şöhrət" ordeni, "Prokurorluğun fəxri işçisi" döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif edilib.

Evlidir, iki övladı var.

Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olub, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləyib.

1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışıb. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. 2024-cü ilin sentyabr ayına kimi ədliyyə nazirinin müavini vəzifəsində işləyib.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müxtəlif medal və ordenlərlə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar hüquqşunası” fəxri adına layiq görülüb.

Ədliyyə Nazirliyi Apellyasiya Şurasının sədri olub.

Evlidir, 5 övladı var.