Ali Məhkəmədə dələduzluq, dələduzluğa cəhd və rüşvət vermə təhrik etmədə təqsirləndirilən Vüsal Muradovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, Vüsal Muradov sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə təkrar dələduzluq edib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə təkrarən cəhd göstərib, özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib, o cümlədən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı müxtəlif vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə onları birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik edib.
Belə ki, o, 2021-2022-ci illərdə yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” vasitəsi ilə videogörüntülü zəng edib, iş üzrə 5 zərərçəkmişə özünü Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib. O, həmin şəxslərə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına işə qəbul və Polis Akademiyasına müdavim kimi qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd verib. Vüsal Muradov bu yollarla zərərçəkmişlərdən ümumilikdə 18680 manat pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik edib. Cinayət materiallarında qeyd edilib ki, həmin şəxslər təqsirləndirilən şəxsə pulları ödəmə terminalı vasitəsi ilə göndərib.
Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Vüsal Muradovun barəsində cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin aşağı instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Belə ki, Vüsal Muradovun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi üzrə bəraət verilib. Digər maddələr üzrə isə ona qəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunub. Daha sonra dövlət ittihamçısı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.