ORTA MƏKTƏBDƏN... CİNAYƏT ALƏMİNƏ - Hər il təhsildən kənarda qalan 30-40 min gəncin taleyi ilə niyə maraqlanılmır?

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, 2023-2024-cü tədris ilində orta məktəblərdən 101 min şagird məzun olub. Onlardan 7 mini ali məktəblərə ümumiyyətlə sənəd verməyib.

DİM-in məlumatına görə, birinci mərhələdə 55 656 nəfər tələbə adını qazanıb. İkinci turda ali məkətblərdə qalan 3 min yer uğurunda mübarizə olacaq və bu sayda abituryentin tələbə olmaq şansı var. Daha sonra kolleclərə, peşə təhsilinə də bir neçə min gənc yönələcək.

Beləliklə, ümumilikdə 65-70 minə yaxın məzun təhsilin yolunu tutub və gələcəkdə təminatlı həyat üçün ilkin addımı atıb. Hərçənd Azərbaycanda ali məktəbə daxil olmaq heç də peşə, iş, karyera sahibi olmaq üçün kifayət deyil. Qarşıdakı dövrdə təhsilin yeni pilləsi, daha sonra dövlət təşkilatlarında və məktəblərdə işləmək istəyənlər üçün yenidən imtahanı kimi çətin sədlər dayanır. Başqa problemləri, maenələri də əlavə etsək, vəziyyət aydınlaşar. Təkcə onu qeyd edək ki, ötən tədris ilində 8 minə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyinə və digər problemlərə görə ali məktəblərdən xaric edilib.

Hər il 30-40 min gənc təhsildən peşədən kənarda qalır

Maraqlı məsələlərdən biri ali məktəbə sənəd verməyən, universitetlərə qəbul ola bilməyib orta təhsillə kifayətlənən, daha sonra təhsildən ayrılan 30-40 min gəncin taleyidir. Hər il bu sayda ali təhsilsiz, peşəsiz gənc müstəqil həyata qədəm qoyur cəmiyyət həyatına atılır. Bir 10 illikdə onların sayı yarım milyona çatır...

Maraqlıdır, hökumtin bu gənclərlə bağlı planı, proqramı varmı? Onların taleyi ilə maraqlanırmı?

Gənclər kriminal statistikanı “zənginləşdirir”

Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarına istinadən yaydığı illik hesabatda qeyd edilib ki, Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib. Qeyd olunur ki, 2023-cü ərzində ölkədə qeydə alınmış 36 811 cinayət hadisəsinin 10 057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.

Habelə cinayət törətmiş şəxslərin 2,8 faizini qadınlar, 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Baş Prokurorluğun Kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.

Statistikanın təhlili göstərir ki, ölkədə tödədilən cinayətlərin dörddə biri 17-29 yaşlarındakı gənclər tərəfindən törədilib. Onların əksəriyyəti isə işsiz olub. Daha əvvəlki illərin statuistikasında da eyni nisbət qorunur və hər il minlərlə gəncin yolu, həbsxanalardan keçir. Xüsusi ilə işsizlərin cinayət törətməyə meyillənməsi, narkotik, soyğunçuluq, oğurluq, quldurluq kimi cinayətlərə əl atması dövlət qurumları üçün həyəcan siqanlı olmalıdır. Amma təəssüf ki, aidiyyatı qurumlarda narahatlıq hiss olunmur.

İşsizlik – boşanmaların əsas səbəbi

Əlbəttə, statistikada göstərilməyən 29 yaşdan böyük şəxslərin əhəmiyyətli hissəsinin də 10-15 il əvvəlin təhsildən, peşədən kənar qalmış vətəndaşlar olması sirr deyil. O da sirr deyil ki, Azərbaycanda artıq fəlakət həddinə çatmış boşanmalar da işsiz, peşəsiz gənclər arasında daha çox baş verir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycanda 2022- ci illə müqayisədə 2023- cü ildə nikahların sayında 7 739 azalma, boşanmaların sayında 5705 artma olub. Belə ki, 2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.

Ədliyyə Nazirliyi isə açıqlayıb ki, 2024-ü ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub, icraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır, inzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfərdir. Cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.

Rəsmi statistikada boşanmaların yaş qrupuna diqqət etdikdə ən çox nikah pozulmasının 30-34 yaş qruplarında qeydə alınıb.

Belə ki, 2023-cü ildə 21 688 boşanma faktında kişilərin 5 353, qadınların isə 5 536 nəfəri bu yaş qrupunda olarkən nikahı pozublar. Bu yaş qrupunda olan kişilərin 1 889 nəfəri 4 ilə qədər, 2 409 nəfəri 5-9 il, 1055 nəfəri 10-19 il nikahda qalıblar.

Həmin yaş qrupunda olan qadınların isə 970 nəfəri 4 ilə qədər, 1 720 nəfəri 5-9 il, 2 846 nəfəri isə 10-19 il nikahı davam etdiriblər.

Digər yaş qruplarına diqqət yetirdikdə görürük ki, kişilər 35-39 (5 141 boşanma), 40-44 (3 453 boşanma) və 25-29 (2 746 boşanma) yaşlarında da çox boşanırlar. Qadınlar isə əsasən 25-29 (4 819 boşanma), 35-39 (3 976 boşanma), 20-24 (2 399 boşanma) yaşlarında nikahları pozurlar.

Məlum olur ki, boşananların 27 faizi ilk dörd ildə ayrılıblar. Boşanmış cütlüklərin 26,7 faizi isə evliliyin 5-9-cu illərində nikaha son veriblər. Ümumilikdə, boşanmış cütlüklərin 53 faizindən çoxunun nikahı 10 ilə qədər davam edib.

Nikah sayı, doğum ilbəil azalır, uşaqlar ortalıqda qalır

Ötən 10 illikdə nikaharın sayının azalması, boşanmaların artması təbii ki, doğumun sayına ciddi şəkildə mənfi təsir edib. Rəsmi statistikada bildirilib ki, 2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.

Əlbəttə, statistikalarda qeyd olunan mənfi tendensiyaların gənclərin təhsildən, peşə öyrənmədən kənarda qalması ilə birbaşa olmasa da geniş əlaqəsi var. Elə kriminal statistikada açıq-aydın etiraf olunur ki, cinayət törədənlərin 70 faizdən çoxu işsizlərdir. Məsələn, narkotik satışı, xırda oğurluq, soyğunçuluq cinayətlərinin ilkin səbəbləri işsizlikdir. Kriminal yollarla ehtiyacların təmin olunması əksər hallarda onların gələcək həyatını məhv edir, daha sonra silsilə cinayətlər törədib, ömrünü həbsxana barmaqlılqları arasında keçirməsinə gətirib çıxarır.

İşsizlik, sosial vəziyyətin ağırlığı boşanmalarda, gənc ailələrin dağılmasılnda da ilkin səbəblər sırasında dayanır. Aparılan sorğular göstərir ki, münasibətlərin pozulması adi sosial qayğıların ödənilməməsi, gənclərin narkotik və s. cinayətlərə meyillənməsi, bu səbəbdən ailədaxili zorakılıqılığı artması ilə bağlıdır.

Statistika göstərir ki, boşanmalar sonrakı mərhələdə bəzən ağır kriminal hadisələrə, qətllərə, əxlaqıszlığın yayılmasına rəvəc verir. Ən pis hal isə bu nikahlardan doğulan uşaqların kiçik yaşlarından adi sosial müdafiədən, normal səhiyyə, təhsil imkanlarından, qidalanmadan, valideyn qayğısından məhrum olmasıdır.

Ədliyyə Nazirliyinin statistikasında cəmi 6 ayda 11 mindən artıq aliment üzrə qərarın daxil olması, 4 mindən artıq şəxsin aliment ödəmədiyi üçün axtarışa verilməsi, mindən artıq şəxsin həbs olunması, cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat əslində minlərlə uşağın kiçik yaşlarından həyatın ağır məhrumiyyətlərinə düçar olmasının statistikasıdır.

Dövlət qurumları bu statistikaları ciddi şəkildə təhlil edib hər il orta məktəbdən ayrılıb təhsildən kənarda qalan gənclərin məşğuliyyəti, peşə təhsilinə cəlb olunması, cəmiyyətin yararlı üzvünə çevrilməsi üçün proqramlar qəbul etməli və onları icra etməlidirlər. Vətəndaş dövlətin ən böyük sərvətidir, Azərbaycan Konstitusiyasında yazılıb ki, dövlətin ali məqsədi hər bir vətəndaşın ləyaqətli həyat şərtlərini təmin etməkdir. Konstitusiyaya əməl etmək vacibdir, məcburidir.../azpolitika.info