İyunun 29-da bir nəfər Naxçıvan şəhər Tumbul kənd sakininin kəsici-deşici alətlə vurularaq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, araşdırmalarla Naxçıvan şəhər Tumbul kənd sakini 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlunun şəxsi münasibətlər zəminində həmkəndlisi və qohumu 1993-cü il təvəllüdlü Abdullayev Rahib Əsgər oğluna kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürdükdən dərhal sonra Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Şəxsin tutulması istiqamətindəTürkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov bu gün Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib.
Kərim Hüseynov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***20:49
İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Stopnarkotik.az xəbər verir ki, Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.