“Narkomaniyaya qarşı mübarizə yalnız kimisə tutmaqdan ibarət deyil” – MİLLƏT VƏKİLİ

Fazil Mustafa: “Nakomaniyaya qarşımübarizə dövlət siyasətinin prioritet məsələsinə çevrilməlidir

“Min dənə qanun qəbul et, real mübarizə aparılmayınca onun qarşısını almaq mümkün deyil”

Azərbaycanda narkomaniya son vaxtlar epidemiya kimi yayılmaqdadır. Hansə ki, heç birimizin hansısa yaxınımızın bu “virus”a yoluxmayacağına zəmanət yoxdur. Hətta birbaşa təmasımız olmasa belə, onun cəmiyyətdə əmələ gətirdiyi dağıntıdan, deqradasiyadan sığortalana bilmərik. Narkomaniya həm də kriminal olayların sayının artmasına çxo ciddi təsir göstərən bir bəladır. Odur ki, bu problemə cəmiyyət olaraq həssaslıqla yanaşmalıyıq.

Milli Məclisdə narkomaniyaya qarşı yeni qanun layihəsinin, yeni mübarizə strategiyasının ortaya qoyulması zərurətini səsləndirən millət vəkili Fazil Mustafa ilə məsələni müsahibəmizdə də elə bu haqda danışdıq.

- Fazil bəy, bir müddət öncə Milli Məclisdəki çıxışınızda narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı yeni qanun layihəsinin qəbul edilməli olduğunu bildirdiniz. Hesab edirsiniz ki, ölkədə ciddi mübarizə aparılsa da bu problemin həll olunmaması qanundakı boşluqlarla bağlıdır?

- Narkomaniyaya qarşı mübarizədə hansı bir qanunun əlavə sərtləşməsinə zərurət yoxdur. Min dənə qanun qəbul et, real mübarizə aparılmayınca onun qarşısını almaq mümkün deyil. Narkomaniyaya qarşı mübarizə yalnız kimisə tutmaq, kiminsə istifadə etdiyi narkotiki ələ keçirməkdən ibarət deyil. Narkomaniyaya qarşı mübarizə onu doğuran şərtlərin ortadan qaldırılmasıdır. Bu da işsizlikdir, təhsildir, məktəblərdə buna nəzarətdir, ailələrə nəzarətdir. Bu sahələrin heç birinə nəzarət yoxdur, başlı-başınalıqdır. Çox sayda uşaqlar var ki, nə etdiyi bəlli deyil, valideyn nəzarəti yoxdur və digər ictimai nəzarət formalarından məhrum olurlar. Bu sahədə hansısa müsbət bir dəyişikliyin olması da gözlənilmir. Azərbaycanda narkomaniyaya qarşı elliklə səfərbər olunub mübarizə aparmaq fikri, düşüncəsi hələ ki, qabarıq görünmür. Yəni bu təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə baş verən bir mübarizə sayıla bilməz. Burada bütün cəmiyyətin ayrı-ayrı institutları, müəssisələri, vətəndaşları prosesə cəlb olunmalıdır və güclü də təbliğat aparılmalıdır. Əks halda, narkomaniya böyük bir bəla olaraq ölkəni çox ciddi sıxıntılara sürükləyəcək.    

- Bəzi ekspertlər təklif edir ki, Azərbaycanda narkotik ticarəti ilə məşğul olan şəxslər ən azı 20-25 il müddətinə azadlıqdan məhrum edilməli, hətta onların əmlakları müsadirə olunmalıdır...

- Narkomaniyaya qarşı mübarizəni sərtləşdirmək, yaxud da narkotikin qeyri-qanuni ticarət dövriyyəsi ilə məşğul olanların 20-25 il müddətə azadlıqdan məhrum edilməsi hələ məsələlərin həlli deyil. Birinci növbədə müalicə sektorunu qurmalıyıq. Müalicə sistemi qurulmalıdır ki, bu xəstəlikdən əziyyət çəkənlər rahatca müraciət edə bilsinlər və dövlət də onların müalicəsini təmin edə bilsin, onların geridönüşünə imkan verə bilməyəcək səviyyədə bu proses gerçəkləşdirilsin. Bu, olduqca önəmlidir.

İkinci isə, narkotik vasitələrlə bağlı bu insanların cəmiyyətdən təcrid olunması və bütövlükdə ömürlük həbs olunması məsələsi üzərində düşünmək lazımdır. 20-25 il nədir ki?! Daha ağır cəza verilməlidir. Amma bunun üçün də elə etmək lazımdır ki, haqsızlıq olmasın. Həqiqətən də bu işlə məşğul olan şəbəkəni bütövlükdə çökdürmək üçün bunların hamısını ömürlük həbs cəzasına məhkum etmək vacibdir. Əks halda, hansısa bir problemin həlli istiqamətində bir çözüm yolu olmayacaq.

Bu insanlar artıq elə bir peşə ilə məşğuldurlar ki, onların ancaq cəmiyyətdən uzaqlaşdırılmasını, təcrid edilmələrini təmin etmək lazımdır. Budur, əsas məsələ. O baxımdan da mən düşünürəm ki, belə cəza məsələsindən birinci daha çox müalicə sistemi üzərində düşünərək, sonradan artıq bunu satan insanların cəzalandırılmasını təmin etmək lazımdır.       

- Sizin yanaşmanız onların layiqli cəzanı alması baxımından çox yerinə düşür. Məlumat olaraq qeyd edim ki, Qazaxıstanda bu məsələ ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzada narkotik alverçilərinin əmlakının müsadirəsi də var...

- Bunların hamısı ola bilər, amma real mübarizə aparılmalıdır. Real mübarizəni təkcə hüquq-mühafizə orqanı, dövlət komissiyası aparmır, bu, dövlət siyasətinin prioritet məsələsinə çevrilməlidir. Cəmiyyət səfərbər olunmalıdır. Orta məktəb müəllimlərindən tutmuş həkimlərə, tibb işçilərinə qədər hamısı səfərbər olunmalıdır. Ayrı-ayrı məhəllələrdə bələdiyyələr, icra nümayəndələri bu istiqamətdə çox ciddi addımlar atmalıdır. Bir məhəllədə bir narkomanın olması perspektivdə yüz narkomanın yetişməsi deməkdir. Pis vərdiş daha tez mənimsənilir. Ona görə də bu qanunun sərtləşdirilməsi həlledici yol deyil. Yəni kimsə hədəfə götürüləcək, beş nəfər də tutulacaq, amma minlərlə insan sərbəst şəkildə qanunsuz dövriyyədə fəaliyyət göstərəcək, ortada nəticə olmayacaq. Ona görə də bu məsələlərə kompleks baxış vacibdir.

- Azərbaycanda bir neçə dövlət müəssisəsi ilə yanaşı, 130-dan çox özəl reabilitasiya mərkəzləri var  ki, onlar narkotik asılılarının müalicəsi istiqamətində fəaliyyət göstərirlər. Lakin bu müəssisələrdə müalicə hər kəs üçün əlçatan olmadığından maddi durumu zəif olan vətəndaşlar bu imkandan yararlana bilmirlər. Sizcə, dövlət bu sahədə hansı tədbirləri görməlidir?

- Əslində, bu istiqamətdə müalicə-profilaktika tədbirlərini gücləndirmə işləri görülməlidir və peşəkar kadrların yetişdirilməsini təmin etmək lazımdır. Bununla məşğul olan mütəxəssis qıtlığı da var və bu məsələdə qeyri-hökumət təşkilatlarının da stimullaşdırılmasına ehtiyac var. Təəssüf ki, bu yaxınlarda biz də məlumat aldıq ki, bu sahədə fəaliyyət göstərən müəyyən vətəndaş cəmiyyəti institutlarının da arzuolunan səviyyədə dəstəklənməməsi faktı var. Yəni bunu da genişləndirmək lazımdır, böyük vəsait ayrılmalıdır. Bunu ölkənin əsas problemlərindən biri, bəlkə də bir nömrəli problemi kimi gündəmə gətirməliyik. Əks halda müalicə olmadan onların böyük əksəriyyətinin həbsxanaya doldurulması ilə orada olan insanların da yoluxmasına şərait yaratmış oluruq.

“Narkotikdən qazanılan vəsaitlərə göz yumma varsa bu məsələ dedi-qodudan, danışıqdan o tərəfə getməyəcək”

Həm də Hepatit C virusunun yayılmasında da narkotik istifadəçilərinin önəmli təsiri var. Biz çalışmalıyıq ki, bu təsiri hər bir halda kifayət qədər azalda bilək. Çünki bizim bütün hallarda vətəndaşlarımızın, övladlarımızın gələcəyini qorumaq baxımından bir öhdəliyimiz var. Bunu indidən eləməliyik, 30 illik müddəti də qaçırmışıq və cəmiyyətdə narkomaniyaya ciddi yanaşma təzahürlərini görmürük. Amma hamı da bunun qurbanına çevrilir. Boşanma hallarının haradasa yarıdan çoxu narkotik vasitələrdən istifadə edən cütlüklərin birinin, yaxud da ikisinin problemi olaraq gündəmə gətirilir. Ailələr dağılır. Gənc ailələrin dağılmasının əsas səbəblərindən biri də odur. İnsanlar məhz bu aludəçiliyinə görə övladlarını, yaxınlarını itirirlər. Məsələyə kompleks yanaşmaq lazımdır. Məsələ bir-iki reabilitasiya mərkəzi ilə çözülmür. İxtisaslaşma yoxdursa, ürək yandırma, can yandırma yoxdursa, narkotikdən qazanılan vəsaitlərə göz yumma varsa bu məsələ dedi-qodudan, danışıqdan o tərəfə getməyəcək və narkomaniyaya qarşı mübarizə adı altında əsl hərəkətlənmə olmayacaq, formal qalacaq.

- Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da mövcuddur. Bu qurumun fəaliyyətini qənaətbəxş hesab edirsinizmi və Sizcə, onun işini necə stimullaşdırmaq olar?

- Məncə, bu komissiya daha fərqli səviyyədə, daha geniş, əhatəli şəkildə öz fəaliyyətini qurmalıdır. Çünki bu komissiyanın səlahiyyətləri genişləndirilməlidir. Onun müəyyən funksional fəaliyyət göstərməsi üçün ilk növbədə ona ciddi vəsait ayrılmalıdır. Hətta o bir nazirlik səviyyəsində fəaliyyət göstərməlidir. Bütün qurumlara təsir imkanları genişlənməlidir. Ayrı-ayrı dövlət qurumlarında narkotik aludəçisi olan şəxslərin müəyyən dərəcədə aşkara çıxarılmasını təmin etməlidir. Digər tərəfdən, onların müəyyən, hansısa vəzifə səlahiyyətlərindən istifadə edərək narkotik vasitələrin yayılmasına şərait yaradan mühiti ortadan qaldırmalıdır. Təbliğat materiallarını genişləndirməlidir. Televiziyada, mətbuatda bu komissiyanın bütün obrazı görünməlidir. Hər kəs bilməlidir ki, dövlət adından bu sahədə prinsipial və güzəştsiz mübarizə aparan bir qurum var. Bu sahədə həkimləri maarifləndirmək, səfərbər etmək, onların imkanlarından istifadə etmək, ailələrə nüfuz edəcək, onlara təsir edəcək bir təbliğat şəbəkəsi qurmaq istiqamətində iş görülməlidir. “Könüllülər ordusu” yaradılmalıdır. Necə ki, “Qırmızı Aypara” və başqa könüllülər ordusu mövcuddur, burada da o könüllülər ordusu olmalıdır ki, bir həyəcan siqnalı səslənən kimi narkomaniyaya qarşı mübarizədə hər kəs aktiv rol ala bilsin.

- Bəs, sizcə, təklif etdiyiniz "könüllülər ordusu"nda narkomaniyadan tam müalicə olunmuş, ayıqlıq fazasına keçmiş şəxslər rol almalıdılarmı? Əgər hesab edirsinizsə ki, onlar da bu mubarizədə yer almalıdılar, bunun müsbət effekti ola bilərmi?

- Burada istənilən kateqoriyadan olan insanlar rol ala bilər. Daha çox əsasən müəyyən təcrübə keçməyə, bu işə özünü, vaxtını sərf etməyə hazır olan insanlar olmalıdır. Xüsusilə də gənclərin, təcrübəli yaşlıların bu prosesə cəlb olunması mümkündür. Təbii ki, narkomaniyadan müalicə almış insanlar da ola bilər. Bu da təsiredici rola sahib ola bilər. Yəni bütövlükdə cəmiyyətdə bu istiqamətdə kütləviliyi artırmaq lazımdır ki, prosesin çox faciəli şəkildə yayılmasını önləmək, minimuma endirmək mümkün olsun.

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az