“Narkomaniyanın yayılmasının səbəblərindən biri sosial təminatın aşağı olmasıdır” – PSİXOLOQ RAUF NƏBİYEV

“Fiziki asılılıqla yanaşı, psixoloji asılılıqdan qurtulmaq üçün də paralel müalicə getməlidir”

İntihar halları, xüsusilə gənc və yeniyetmələrin öz canlarına qəsd etməsi, eləcə də onların narkomaniya bataqlığına düşməsi ağrılı mövzudur. Bu iki məsələ həm də cəmiyyəti təhdid edən mövzulardır. Bu sahədə problemlərin artması, gənclərimizin narkomaniyanın ağuşuna düşməsi gələcəyimiz baxımından bizə rahatlıq vermir, verməməlidir də. Bu ağrılı mövzuları psixoloq Rauf Nəbiyevlə müsahibəmizdə müzakirə etdik. 

(Əvvəli bu linkdə: “İntihar hallarının səbəblərindən biri valideynlərlə uşaqlar arasında olan uçurumdur...”)

- Ölkənin əsas problemlərindən biri də narkomaniyanın həddən artıq vüsət almasıdır. Sizcə, bu məsələdə əsasən hansı sosial-psixoloji səbəblər rol oynayır?

- Bunun səbəblərindən biri sosial təminatın aşağı olmasıdır. Deyəcəksiniz ki, imkanlı ailələrin uşaqlarından da narkoman olanlar var.  Bəli, mən elə insanlarla da işləyirəm. İmkanlı ailələrdən olan narkomanları da maddi imkanı zəif, sosial təminatı aşağı olan, işsiz, yaxud işləməyə həvəsi olmayan narkotik aludəçisi gənclər öz “kruqları”na çəkirlər ki, onların imkanlarından istifadə etsinlər. Belə situasiyalarla rastlaşmışam. Maddi imkansızlar imkanlı şəxslərə yaxınlaşırlar, dostluq edirlər, ona narkotiki birinci dəfə pulsuz da təklif edirlər, qonaqlığa aparırlar. Bir iki dəfə qonaqlıqdan sonra deyirlər ki, indi də sən bizi qonaq et. Onlar da məcburiyyət qarşısında qalır, həm də özünü borclu hiss etdiyi üçün hesab edir ki, bu mənə 5 dəfə qonaqlıq veribsə, 2 dəfə havayı narkotik veribsə mən də əvəzini qaytarmalıyam. Belə-belə onların “kruq”una düşür. Aludə olandan sonra o birilər başlayırlar varlının imkanlarından istifadə etməyə. Varlı gənc başlayır evdən pul oğurlamağa, bahalı əşyaları satmağa. Valideyn də o vaxt ayılır ki, evdə nələrsə var idi, yoxa çıxıb. Maraqlananda görürlər ki, övladı narkomanların “kruqu”na düşüb. Yəni imkansızlıq, işsizlik də gətirib bunlara çıxarır. Hər ali təhsil alan ixtisası üzrə iş tapa bilmir. Ali məktəbdən məzun olmuş mütəxəssislər var ki, öz sahələri üzrə işləmirlər, taksi sürürlər və s.

- Rauf bəy, reabilitasiya mərkəzlərində narkomaniyanın qaynaqlandığı əsas faktor kimi asılılığı qeyd edir, asılılığın xəstəlik olduğunu bildirirlər...

- Belə deyək də, iki cür asılılıq var. Birinci növ asılılıq fiziki asılılıqdır. İkinci növ asılılıq psixoloji asılılıqdır. Fiziki asılılıq odur ki, orqanizm neqativi götürür. Məsələn, siqareti götürək. Siqareti çəkəndə orqanizmin özünün neqativ ifraz etmək qabiliyyəti var, orqanizm bunu hormonal şəkildə tənzimləyir. Amma süni şəkildə neqativi, yəni siqareti qəbul edəndə orqanizm onu ifraz etmir. Birdən-birə siqareti dayandıranda da orqanizm narahat olur, bədən ağrıyır. Narkotik də eynilə. Orqanizm narkotiki qəbul edir, bədən keyləşir. Amma birdən-birə narkotiki dayandıranda bədən ağrıyır. Sümüklər ağrıyır, halsızlıq, aqressivlik, əsəbilik olur. Hətta həmin şəxslər özlərinə belə xəsarət yetirə bilirlər. El arasında buna “lomka” deyirlər. Yəni artıq orqanizm o narkotiki tələb edir.

Bir də var psixoloji asılılıq. Bu, sadəcə vərdişdir. Məsələn, siqaret çəkənin barmağında həmişə nəsə olmalıdır, olmayanda elə bil əlində nəsə çatmır. Dodağında nəsə olmalıdır, sümürməlidir, tüstü buraxmalıdır. Bu, vərdişdir. Necə ki, biz telefonlara vərdiş etmişik, telefon olmayanda özümüzü narahat hiss edirik, elə bil nə isə çatmır, bu, psixoloji asılılıqdır. Psixoloji asılılıqdan qurtulmaq olur. Bir müddət həmin vərdişi etməyəndən sonra unudursan gedir.

Amma fiziki asılılıq zamanı ağrılar çox şiddətli olur, ona hər adam dözə bilmir. Müalicələrin və iradənin köməyilə buna dözmək olur. İradəsi varsa bir müddət dözür, iradəsi yoxsa bir müddətdən sonra yenə narkotikə qurşanır. Mən narkotikdən sağalanlar da görmüşəm, sağalmayanlar da. Tərgidənlər də görmüşəm, qayıdanlar da. Ona görə asılılıq vərdişə dönəndə insanı uçuruma apara bilir.

- Aludəçilər deyirlər ki, fiziki asılılığı detoksikasiya, orqanizmin, qanın təmizlənməsiylə dəf etmək olur, amma psixoloji asılılıq daha ağırdır...

- Fiziki asılılığın müalicəsi ilə yanaşı, psixoloji asılılıqdan qurtulmaq üçün də paralel müalicə getməlidir. Burada psixoloq da işləməlidir. Aludəçinin düşdüyü mühit, “kruq” aşkarlanmalıdır. O, hansı “kruq”dadır, dostları kimdir, oturub-durduğu insanlar kimdir, bunlar hamısı dərindən öyrənilməlidir. Təsəvvür edin ki, fiziki asılılıqdan xilas oldu, bədən təmizləndi, sağaldı, psixoloji asılılıq bir az qaldı, aludəçi gedib yenə həmin “kruq”a düşdü... Bu, o “kruq”dan necə çıxa bilər? Qeyri-mümkündür. Aludəçini o “kruq”dan da uzaqlaşdırmaq zəruridir. Dostlarını təmizləmək lazımdır. O, dostlarını sağlam həyat tərzi keçirən dostlarla əvəz etməlidir.

- Yəni insanın həyat rejimi dəyişməlidir.

- Bəli, normal həyata qayıtmalıdır, vaxtında yatıb-vaxtında durmalıdır. Ətrafına tədbirlərə gedən, teatra-kinoya gedən, idmana, boulinqə gedən adamları yığmalıdır. Belə adamlarla oturub-durmalıdır. Köhnə dost-tanışı ilə əlaqələri qırılmalıdır ki, psixoloji asılılıqdan da çıxa bilsin. Təbii ki, sağaldıqdan sonra köhnə dostlarına qayıdışı onu yenə narkotiklərə qaytaracaq. Deyəcəklər ki, sağalmısan da, bir dəfə də sına... Bu, ölümə gedən yoldur.     

- Təkrar məhkumluğun - residivin altında hansı səbəblər yatır? Sovet dönəmində həbsdən çıxanların islah olunma göstəriciləri ilə müqayisədə hazırda bu qəbildən göstəricilərə demək olar ki, rast gəlinmir. Həbsə düşdükdən sonra islah olunmaq indi nəyə görə çətinləşib? İnsan psixologiyasında təkrar məhkumluğa qayıdışı tətikləyən səbəblər hansıdır?

- Səbəblər müxtəlif ola bilər. Bunu yəqin ki, qısa müddətli məhbuslara şamil etmək olmaz. Residiv kəlməsi uzun müddət həbsdə olanlara, yaxud təkrar-təkrar həbsə düşənlərə aiddir. Səbəblərdən biri də budur ki, məhbus çıxır, amma məhbəs mühiti onun üçün adiləşir, adi həyata çevrilir. Məsələn, həbsdə söyülür, döyülür, nəticədə sırtılır. Valideynlərə də deyilir ki, uşağı çox döyəndə sırtılır. Odur ki, uzun müddət həbsdə yatanların başlarını sığallamırlar ki... Ən ağır işlərə göndərirlər, təhqir olunurlar, döyülürlər, söyülürlər. Düzdür, bunu hamıya demək olmaz. Amma müəyyən qrup var ki, onlar artıq alışıb. Həbsə qayıtmaq istəyənlər də o qrupdur. Amma təsadüfən həbsə düşənlər də var. Onlar həbsə qayıtmaq fikrinə belə düşmür, normal həyata qayıdırlar və adaptasiya olurlar. Onların sırasında ailə quranlar da, təzədən yuxarı vəzifəyə qalxanlar da var. Amma dediyim qrupa mənsub olanlar o əzaba alışırlar, azadlığa çıxdıqdan sonra bu həyat onlar üçün darıxdırıcı olur, işgəncə olur. İş tapmırlar, insanlarla ünsiyyəti çətinləşir, türmə jarqonları ilə danışmağa başlayırlar. Cəmiyyət isə onun jarqonlarını qəbul etmir, yenə işdən qovulur, boşluğa düşür, işsiz qalır, düşünür ki, yenə həbsdə işə göndərirdilər, işləyirdim, döyülsəm də, söyülsəm də başım qarışırdı. Beləliklə, o həyat tərzi adiləşir və türməyə qayıtmaq istəyir. Yenə deyirəm, bunu da bir qrupa aid etmək olar, hamıya şamil etmək olmaz. Burda, məsələn, kimləsə konflikt yaşayır, yaxud vurub kiməsə xəsarət yetirir, təzədən qayıdır həbsə. Deyir heyif deyil, 3-5 il yatım.

- Görünür, bu qəbildən insanların islah olunması üçün daha dərindən işlər görülməlidir. Bilmirəm həbsxanalarda psixoloqlar varmı, yəqin ki, onlarla da psixoloqlar işləməlidir. Onlar azadlığa çıxanda məşğulluq məsələsi həll olunmalıdır ki, boş vaxtları olmasın, həbsə qayıtmasınlar...

- Hər bir sahədə psixoloqlar lazımdır. Böyük şirkətlərdə psixoloqlar işçilərlə qrup terapiyası keçirir, onlara məsləhətlər verirlər, relaksasiya keçirirlər. Mənim bir neçə il əvvəl “Azercell” ilə müqaviləm var idi, işçilərlə psixoloji seanslar keçirirdik. Onların ailələri ilə də. Təbii ki, bunun məbləğini bizə şirkət ödəyirdi. İşçilərlə söhbət etdiyimiz zaman onların ailələri ilə maraqlanırdıq. İşçilər ailələrin problemlərini deyə bilmir, amma işdən evə, evdən işə gərginlik aparıb-gətirdiklərinə görə işi keyfiyyətli yerinə yetirə bilmirdilər. Başlayırdılar işdə konflikt yaşamağa. Yəni həbsdəki insanların da islah olunması üçün onlarla, siz demişkən, köklü işləmək lazımdır - qardaşlarıyla, bacılarıla, ailələriylə. Yəni insan türmədən çıxıb, onu işlə təmin etməliyik, düzələcək - belə deyil. Bu ona bənzəyir ki, yara üzdən sağalıb, amma altda irin qalıb. O yaranı qanatsaq da, kökünü qazıyıb kökünü təmizləmək lazımdır. Burda onun ətrafında olan bütün insanlarla işləmək lazımdır. Maraqlanmaq lazımdır, bunula necə davranmalıdırlar, ona qarşı necə rəftar sərgiləməlidirlər ki, aqressiya ilə qarşılamasın. Psixoloqların işi çox çətindir, amma işləmək mümkündür.

- Bəli, çox çətin də olsa, bu vacibdir. Məsələn, narkomaniya potensial olaraq krimnala açılan qapıdır. Keçmiş məhkumların da, istənilən vaxt kriminala qayıtma potensialı var. Yəni günahı olmayan birini öldürə, yaxud başqa cinayət törədə bilər...

-Təbii ki, irinli yaranı üzdən yox, dərindən müalicə etmək lazımdır. Qanasa da buna dözmək lazımdır.

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stoprnarkotik.az