Müğənninin həbs etdirdiyi keçmiş baş həkimin məhkəməsi başlayır - Yarım milyonluq qalmaqal

Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Səbinə Məmmədzadə iş üzrə hakim təyin edilib. 

Rauf İsfəndiyarov bu ilin fevralında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittihma irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. 

Həmin vaxt yayılan məlumatlarda keçmiş baş həkimin müğənni Dəniz Əsədovaya qarşı 627 min manatlıq dələduzluq etdiyi bildirilirdi. Müğənni özü də mediaya açıqlamasında faktı təsdiqləmişdi.

Keçmiş baş həkimin Dəniz Əsədovanın şikayəti əsasında həbs edildiyi bildirilir. 

Rauf İsfəndiyar barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb. Onun barəsindəki maddə də dəyişdirilib. 

Rauf İsfəndiyarov Cinayət Məcəlləsinin 311.3.3 (Rüşvət alma - külli miqdarda törədildikdə) maddəsi ilə mühakimə ediləcək. 

Keçmiş baş həkimin cinayət işi üzrə Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dəniz Əsədova zərərçəkmiş qismində tanınıb.