Xalq artisti Ağadaş Ağayev Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə silah tətbiq etməklə xuliqanlıqda ittiham olunub.
Hadisənin baş verdiyi klinikanın mühafizəçisinə qarşı da oxşar ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, xəsarətlərin ağırlığını müəyyən etmək üçün ekspertizalar təyin edilib. Hadisənin hər iki iştirakçısı təqsirləndirilən şəxs qismində cəlb edilib.
Xatırladaq ki, iyulun 22-də özəl klinikanın mühafizəçisi N.Cəlilov səhər saat 7-də Ağayevin ona balta atması, təhqir etməsi və hədələməsi barədə polisə şikayət edib.
Ağayevin atdığı balta klinikanın əməkdaşı N.Paşayevanın ayağına dəyib.
Qeyd edək ki, 221.3-cü maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Özünü silahlı xuliqandan müdafiə edən mühafizəçinin niyə ittiham olunduğu məlum deyil./Turan