Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq Nəsirovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Aparılmış ibtidai istintaq zamanı Rafiq Nəsirovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi kooperativ tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.