Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il əvvəl Rusiyada adam bıçaqlamaqda X.Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 20 sentyabr 2012-ci il tarixdə, saat 20:20 radələrində Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərinin Lenin və Zaporojskaya küçələrinin kəsişməsində yerləşən mini bazarın ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü X.Novruzov Rusiya vətəndaşı, zərərçəkmiş A.Vorovkinlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin azərbaycanlıların ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman o, A.Vorovkinin sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq ona burun sümüklərini sındırıb. Sonra təqsirləndirilən şəxs bıçaqla A.Vorovkinin qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona bədən xəsarəti yetirib.
Hadisədən sonra X.Novruzov Azərbaycana gəlib və bu il saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Məhkəmə iclasında X.Novruzov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Azərbaycan vətəndaşıdır, lakin Rusiyada yaşayıb. X.Novruzov uşaq vaxtından Ukrayna və Rusiyada yaşayıb. 2012-ci ildə onun 23 yaşı var imiş. O, Rusiyada idmanla məşğul olub və nailiyyətlər qazanıb.
X.Novruzovun sözlərinə görə, zərərçəkmiş A.Vorovkinlə bir yerdə məşqlər edib, yarışlara gedib. O, kikboksinq üzrə Rusiya çempionu olduğunu qeyd edib. Bildirib ki, hadisə günü zərərçəkmiş onu görüşə çağırıb, yanında da 2-3 nəfər olub. A.Vorovkin yenə “qara millət” haqqında danışmağa başlayıb və X.Novruzova bıçaq çıxarıb. O, AVorovkinin əlindən yumruqla vuraraq bıçağı götürməyə çalışıb. Sonra onlar güləşməyə başlayıb. Nəticədə bıçaq zərərçəkmişə dəyib.
Şahidlərin ifadələrinə əsasən, Rusiyada X.Novruzova onun yaxınları “Qere” (“German”) kimi çağırırmış./pravda.az