Milyonlarla gəncin “qatili”, “Robin Qud” ləqəbli xeyriyyəçi… - PABLO ESKOBARLA BİZİM “NARKOBARONLARIN” OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİ

Dünən Stopnarkotik.az saytında dünyaca məşhur narkobaron Pablo Eskobarın oğlunun müsahibəsinə rast gəldim. Yəqin ki, narkobaron Pablo Eskobarın şan-şöhrətini” duymayan insan yoxdur. Əslində, Eskobara narkobaron rütbəsi azdır, onu "kokain kralı", yaxud “narkotik aləminin kralı” adlandırmaq daha doğru olar.

Pablo Eskobarın büründüyü sirr pərdəsi hardasa ona əfsanəvi imic də qazandırıb. Hətta bu “sirr pərdəsindən boylanan xeyir əməllər”, bütün qanunsuz əməllərinə rəğmən, narkobarona böyük imic də qazandırıb və onun “Robin Qud” adlandırılmasına, əfsanələşdirilməsinə səbəb olub.

Əlbəttə, bu şəxsin həyatı ziddiyyətlərlə, paradokslarla zəngin olub. Buna sübutu isə Eskobarın oğlunun xatirələrində görmək olar. Vəfatından sonra oğlu Xuan Pablo Eskobar mətbuata verdiyi müsahibəsində bəzi məqamlara işıq salıb. Oğul Eskobarın dediklərini dinləyərkən insan bir daha əmin olur ki, narkobaron atanın şər əməlləri onun ailəsini lənət kimi qaraqabara izləyib. 

Xuan Eskobar sülh və saglam həyat mesajı vermək üçün atasının “yeni versiyası” olmaqdan imtina etdiyini söyləyir. Oğul Eskobar, yaxud indiki adıyla Sebastian Marrokin Pablo Eskobarın obrazından həqiqətə uyğun olmayan hekayətlər yaratmaq üçün istifadə olunduğunu bildirir. Həqiqətdə Eskobarın həyatda filmdə şişirdildiyindən xeyli pis insan olduğunu etiraf edir.

Sebastianın bu etirafını kriminal dünyanın cazibədar imicini insanlara sırıyan qüvvələrə qarşı ifşa, sadə insanların da bu tora düşməmələri üçün xəbərdarlıq kimi dəyərləndirmək olar. Sebastian ona verilən, “bəziləri onu Robin Qud, bir çoxları isə onu vicdansız narkotik alverçisi hesab edir” sualını belə cavablandırır: “Əslində, Robin Qud ləqəbi mediadan gəlir. Atamı Robin Qud adlandırdılar. O, dövlətin əhəmiyyət vermədiyi sosial layihələrlə məşğul olub. Dövlətin heç vaxt tikmədiyi evlər, xəstəxanalar, məktəblər, idman mərkəzləri tikdirdi. Və bu, cəmiyyətin özünü unudulmuş hiss edən qisminin ona rəğbətini artırdı. Bu, ona həm də uzun illər cəzasız qalmağa zəmanət verdi. Atamın həyatı təzadlarla, paradokslarla, ziddiyyətlərlə doludur. Gənclərin narkotikdən istifadə etməməsi üçün idman meydançaları tikdirsə də, tikintini narkotikin pulu ilə maliyyələşdirib”.

Bir narkokralın “xeyirxah əməli” sual doğrurur: o, bunu nəyin naminə edirdi? Fikrimizcə, bu addımın səbəbi cani instikti ilə incə detallarına qədər düşünülmüş “özünü sığortalama” niyyəti idi.

Sebastian müsahibədə 13 yaşlı oğlana təlqin edilən narkokrala olan heyranlıq çərçivəsini dağıtmasını da misal çəkir. Atasının bir gəncə pis örnək olmasının qarşısını alır.

Maraqlıdır, bizim cəmiyyəti zəli kimi soran kriminal simaların, İrandan hansısa “sirrli reyslə” sərhədləri aşaraq ölkəyə yol tapan narkotiki silah kimi genosid aləti olaraq istifadə edən, dövlətə xəyanət edən “zatlar”ın övladları eyni addımı atardılarmı? Bizdə “oğru dünyası”na heyranlıq aşılayan nəğmələr “cool olmaq” hisslərini körükləyərək kriminal aləmə hayıl-mayıl nəsil yetişdirir. Sonra da toplumun başbilənləri gənclərin arasında narkomanların sayının niyə artmasının səbəbləri üzərində baş sındırır.

Sebastian narkotik biznesinin qadağan edilə bilməyəcək qədər böyük biznes sahəsi olduğunu etiraf edir. O, bir az da irəli gedərək, "atam Mərkəzi Amerikada kommunizmə qarşı mübarizəni kokain satmaqla maliyyələşdirən Mərkəzi Kəşfiyyat İdarəsinə işləyirdi. Narkotik biznesi bizim düşündüyümüzdən çox fərqlidir. MKİ-nin etdiyi şey narkotik axınına nəzarət etmək idi. Qurum öz ölkəsinə narkotik axınına nəzarət etdi və çox qazanc əldə etdi", - deyə bildirir.

Eskobarın fəaliyətinə bir arayış kimi deyə bilərik ki, Medellin karteli Kolumbiyada qurulsa da Boliviya, Panama, Mərkəzi Amerika ölkələri, Peru, Baham adaları, ABŞ (Los-Anceles və Mayami daxil olmaqla), hətta Kanada və Avropada da “fırtına əsdirib”. Kartellərin qaniçən canilikləri indi də “yüksək səviyyədədir”. Eskobarın nümunəsində oxşar nüansların digər ölkələrdə də var olduğunu təxmin etmək olar.

Ölkəmizə gəlincə isə, İrandan gələn narkotikin bənzər yollarla “qalanın qapısını içəridən açan” “açarçı”sının sayəsində gəldiyini, bu səbəbdən narkotik alverinin qarşısının alına bilmədiyini güman edə bilərik.

İnsanın içindən bu simasızlara bir sual vermək gəlir: siz kriminal aləmdə Eskobardan daha şan-şöhrətə, daha çox sərvətə çata bilməyəcəksiniz, sonunuz da əvvəl-axır ölüm olacaq, buna dəyərmi? Bəlkə də sizin yanaşmanıza görə dəyər. Ən azından sizin başqalarının həyatını viran qoyaraq əldə etdiyiniz var-dövlətdən harınlamış varislərinizdə oğul Eskobar-Sebastian Marrokin qədər də ləyaqət yoxdur. Yəqin ki, sizdən sonra da biz harınlamış övladlarınızdan atasının şər əməllərinə görə keçirilən utanc hissinə şahid olmayacağıq...

Asya ŞÜKÜROVA

Stopnarkotik.az