“Mən heç kimə narkotik alveri dünyasına girməyi tövsiyə etməzdim, çünki...”
“Dünyanın narkotiklərlə mübarizəni dayandırmasının vaxtı çatıb. Bu problemi silahın yolu ilə həll etmək olmaz, çünki ən yaxşı silahlanan elə narkotik alverçiləridir”
Dünyanın ən məşhur narkobaronlarından biri, kriminal aləmdə Medelin narkokartelinin əsasını qoymuş Pablo Eskobarı tanımayan yəqin ki, çox az adam olar. Bu şəxsin oğlu Xuan Pablo Eskobar 1993-cü ildə atasının ölümündən sonra adını dəyişdi (Sebastyan Marrokin) və Kolumbiyanı tərk etdi. O, iki kitab yazdı və atası haqqında sənədli filmin çəkilişlərində iştirak etdi.
Oğul Eskobar “sülh və saglam həyat” mesajı vermək üçün Pablo Eskobarın yeni versiyası olmaqdan imtina etdiyini söylədi. Narkobaronun oğlu Fransanın Lion şəhərinə səfəri zamanı atasının məhrəm tərəfini əks etdirən portretini “Euronews”a verdiyi müsahibədə bölüşüb. Stopnarkotik.az həmin müsahibəni təqdim edir:
- Xuan Pablo Eskobar, siz uzun müddət Pablo Eskobar haqqında susursunuz. Son illərdə iki kitab yazmısınız, atanız haqqında sənədli filmin çəkilişlərində iştirak etmisiniz. İndi bu haqda danışmaq niyə lazımdır?
- Əminəm ki, mənim buna bir oğul, bir yaxın adam kimi haqqım var. Və onun keçmişdəki həyatı ilə bağlı çoxlu sayda məlumat və sübutum var. Mənə elə gəlir ki, Pablo Eskobar obrazından həqiqətə uyğun olmayan hekayətlər yaratmaq üçün istifadə olunub. Mən onun oğluyam və Pablo Eskobar haqqında həqiqəti söyləmək rolunu öz üzərimə götürməliyəm. Bu həqiqət mənə fayda vermir. Əksinə, bu həqiqətin işığında atam teleseriallardan, filmlərdəkindən də daha pis görünür.
- Bəziləri onu “Robin Qud”, bir çoxları isə onu vicdansız narkotik alverçisi hesab edir? O, kim idi?
- Əslində, “Robin Qud” ləqəbi mediadan gəlir. Atamı Robin Qud adlandırdılar. O, dövlətin əhəmiyyət vermədiyi sosial layihələrlə məşğul olub. Dövlətin heç vaxt tikmədiyi evlər, xəstəxanalar, məktəblər, idman mərkəzləri tikdirdi. Və bu, cəmiyyətin özünü unudulmuş hiss edən qisminin ona rəğbətini artırdı. Bu, ona həm də uzun illər cəzasız qalmağa zəmanət verdi. Atamın həyatı təzadlarla, paradokslarla, ziddiyyətlərlə doludur. Gənclərin narkotikdən istifadə etməməsi üçün idman meydançaları tikdirsə də, tikintini narkotikin pulu ilə maliyyələşdirib.
- İlk kitabınız sizə həyatda onun getdiyi yolu getməyə dəyməyən atanıza həsr olunub. Hansı xatirələr bunu sizə hiss etdirdi?
- Təsəvvür edə biləcəyiniz ən pis zorakılıq. Hətta Kventin Tarantino belə, atamın zorakılığından əziyyət çəkən ailəmizdə və ölkədə baş verən qəddarlığı təsəvvür edə bilməzdi.
- Oğul olaraq nəyi xatırlayırsınız?
- Bir oğul olaraq atamla bağlı ən gözəl xatirələrim var. Və ən pis xatirələrim isə zorakılıqla bağlıdır. Haqqında yazılanların hamısında razılaşdığım yeganə şey ailəsinə olan tam sevgisidir.
- Onu nəyə görə qınayardınız?
- Onun qarşısında otura və min dəfə deyə bilərdim ki, onun qoyduğu bombalardan, insanları qaçırmasından, insanları öldürməsindən xoşum gəlmirdi. Çünki mən bilirdim ki, onun törətdiyi şər həmişə əleyhimizə dönürdü.
- İlk kitabın nəşrindən hər hansı dəyişiklik hiss etdinizmi? Atanızın siması necə dəyişdi?
- Atam haqqında həqiqətlə bəzi insanların onun barəsində yaydığı uydurma arasında fərq göz qabağındadır. Bu insanların hekayələri yalnız şöhrətə görə uğurlu olur. Mən də atama tərif nəğməsi oxusaydım, dastan yazsaydım kitablarımı min yox, milyon tirajla satardım. Başqalarına isə atam haqqında nağıl danışmağı qadağan edə bilmərəm. Amma mənim dediklərimlə başqalarının dedikləri arasındakı fərqi bu misalla göstərmək olar. 13 yaşlı oğlan mənə məktub yazdı ki, atam haqqında 8 yaşından xəbəri var. Nənəsi atam haqqında danışır, onun haqqında filmlərə və televiziya verilişlərinə baxır və o da Pablo Eskobar kimi olmaq istəyirdi. Amma kitabımı oxuyana qədər. İndi isə o, jurnalist olmaq istəyir.
- Atanızı ideallaşdıran və Pablo Eskobar kimi olmaq istəyən gənclərə nə deyərdiniz?
- Mən onlara Pablo Eskobar haqqında həqiqəti öyrənməyi məsləhət görərdim. Gerçəklik televiziya ekranlarında görünən qəhrəmanlıq və qlamur versiyadan fərqlidir. Məsələn, malikanənizdə sizi heç kim gözləmirsə, onda o imarət nəyə lazımdır? Atamla daim buradan-ora, oradan-bura qaçırdım və milyonlarla dollarımız olsa da, acından ölürdük. Əgər pulun varsa, acından ölməməlisən. Pul isə bizə aclıq, ölüm, zorakılıq, yaxınlarımızın itkisini gətirdi. Sonsuz şər gətirdi. Mən heç kimə narkotik alveri dünyasına girməyi tövsiyə etməzdim, çünki ondan çıxmaq mümkün olmayacaq.
- Pablo Escobarın ölümündən 25 ildən çox vaxt keçdi, lakin bu gün kokainin istehsalı və istehlakı artır. Narkotiklərlə mübarizədə nə səhv gedir?
- Narkotiklərə qarşı müharibə onilliklər əvvəl itirilib. O uduzulub, çünki bu mübarizədə istifadə olunan iyrənc üsullar qanunsuz narkotiklərin istifadəsini təşviq edir. Üstəlik, bu, asanlıqla qadağan edilə bilməyəcək qədər böyük biznesdir. Narkotiklərin qadağan olunmasından çox güclü qüvvə-amerikalılar xeyir götürür. Bizə yalnız kiçik qalmaqallardan danışırlar, amma kitabımda danışdığım ən vacib şey haqqında susurlar. Məhz, atamın narkotik ticarətində iştirak edən CIA-Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi ilə əlaqələri haqqında.
- Sizcə, narkotik qaçaqmalçılığı və koka becərilməsi Kolumbiyada sülh prosesinə təhlükədirmi?
- Nə qədər ki, narkotik qadağandır, müharibə davam edəcək. Həm də təkcə bizdə yox. Şərin əsas səbəbi budur. Hesab edirəm ki, dünyanın narkotiklərlə mübarizəni dayandırmasının vaxtı çatıb. Bu problemi silahın yolu ilə həll etmək olmaz, çünki ən yaxşı silahlanan elə narkotik alverçiləridir.
- Təhsil narkotik problemini həll edə bilərmi?
- Təhsil narkotik probleminin bütün mümkün həll yollarının ən güclü vasitəsidir. 1980-ci illərdə məndən çox narkotik və narkomanların əhatəsində olacaq başqa bir insanı təsəvvür edə bilmirəm. Amma atam narkotikin nə olduğunu, onun fəsadlarını elə gözəl izah etdi ki, 28 yaşıma qədər marixuana sınaqdan keçirmək ağlıma gəlmədi.
- Siz uzun müddət ata olmaqdan imtina etdiniz, çünki bu sizə eqoizm kimi gəlirdi. Oğlunuza nə deyəcəksiniz və ya əksinə ondan nəyi gizlədəcəksiniz?
- Mən oğluma Pablo Eskobarın kim olduğunu iki yaşında olanda deməyə başladım. Mən ona hələ ki, narkotikdən, narkotik ticarətindən danışmıram. O, artıq bilir ki, Pablo Eskobar onun babasıdır. Və oğlumun qarşısında borcum onu hörmət və sevgi ilə böyütməkdir. Çünki bilirəm ki, atam sağ olsaydı, məhz bunu edərdi. Və təbii, o, babasının törətdiyi bütün cinayətləri öyrənəcək ki, əgər növbəti Pablo Eskobar olmaq şansı varsa, o zaman başqa yol seçmək üçün kifayət qədər arqumentləri olsun.
Tərcümə etdi: Stopnarkotik.az