Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda quldurluqda təqsirləndirilən Həsən Bayramovun barəsindəki cinayət işi üzrə qərardan yenidən zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: H.Bayramov Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.

İstintaq zamanı məlum olub ki, o, bıçaq götürüb və maska taxaraq basqın etdiyi evlərdən 3-ü qadınlara məxsus olub. Həsən ümumilikdə əvvəlcədən seçdiyi 4 mənzilə basqın edib.

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Başına maska taxaraq mənzillərə daxil olan Həsən Bayramov bıçaq və digər soyuq silahla vətəndaşlardan pul, qızıl tələb edib.

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədi ilə, öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib./pravda.az