KÖRPƏSİ ƏLİNDƏN ALINAN ANANIN HARAYI... - Gənc ana Mehriban xanım Əliyevadan kömək istəyir

“Artıq 1 il 8 aydır ki, mənim körpə övladımı əlimdən alıblar. Nəinki onu bağrıma basmağıma, səsini eşitməyimə, hətta üzünü görməyimə belə imkan vermirlər! Uzun müddət ərzində hüquqi müstəvidə apardığım mübarizədən sonra həm rayon məhkəməsi, həm də Apellyasiya Məhkəməsi azyaşlı övladımın ana kimi mənim himayəmə verilməsinə dair qərar çıxarsa da, Ağdam və Sabunçu rayon İcra şöbələri müxtəlif bəhanələrlə bu qərarı icra etməkdən imtina edirlər. Artıq nə qanunlara, ədalətə inamım qalıb, nə də hələ 6 aylıq ikən işgəncələrlə əlimdən alınan övladımın həsrətinə dözə bilirəm. Mənə intihar etməkdən başqa çıxış yolu buraxmırlar...”

Bu dəhşətli, qan donduran fikirlər hazırda Qəbələ rayon Xırxatala kəndində yaşayan, 1 il 8 aya yaxındır ki, südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdən götürülüb.

Müraciəti təqdim etməzdən öncə qeyd edək ki, yalnız bu fakt Azərbaycanda hüquq sahəsində nə qədər dərin problemlərin olduğunu, məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyata keçirilməsinin zərurliyini ortatya qoyur.

Əgər bir ölkənin hüquq sistemində səlahiyyət sahibi olanlar, ədaləti təmsilçiləri gənc bir ananı fiziki və psixoloji işgəncələrə məruz qoyan, azyaşlı övladını əlindən alıb həm onu, həm də körpəni ağır iztirablar yaşamağa məcbur edən orta əsr zehniyyətli insanların “maraqlarının” qoruyucusuna çevrilirsə, hətta Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını belə nümayişkəranə şəkildə yerinə yetirməkdən imtina edirlərsə, deməli artıq sözün bitdiyi yerdəyik.

Bu fakt bir daha Prezident İlham Əliyevin təxminən 4 il əvvəl - 2019-cu ilin martında mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə dediyi, “məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var” fikrini yada salır.

Həmin vaxtdan keçən müddətdə bir çox addımlar atılsa da, məhkəmə sistemində müəyyən müsbət dəyişikliklər, kadr təyinatları olsa da, ortaya çıxan bu cür faktlar hələ də böyük problemlərin qaldığını, xüsusən ədliyyə orqanlarında ciddi “təmizliyə” ehtiyac olduğunu göstərir. Hər halda Ağdam və Sabunçu rayon İcra şöbələrinin rəhbərlərinin məhkəmənin qərarını yerinə yetirməmək üçün qurduğu oyun göstərir ki, nə hansısa dəyər qalıb, nə də qanunlara hörmət!

Azyaşlı övladı əlindən alınan Səmədli Fəridə Vaqif qızı da məhz buna görə SON ÜMİD YERİ kimi Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya üz tutub.

Müraciətdə bildirilir:

“Hörmətli Birinci vitse-prezident!

Əziz Mehriban xanım!

Sizə hüquqları tapdalanmış, işgəncələrə məruz qalmış və körpə övladı əlindən alınmış çarəsiz ana kimi müraciət edirəm. Siz mənim yeganə ümid yerim, son pənahımsınız. Əminəm ki, Sizə müraciət edən bütün qadınlar kimi, mənim də müraciətimi cavabsız buraxmayacaqsınız. Xalqımızın, xüsusilə də qadınların dərdlərinə diqqətlə yanaşan, dərdinə çarə olan doğma və əziz himayəçisi kimi Sizdən kömək istəyirəm! Hamı bilir ki, Siz biz anaların SON ÜMİDİSİNİZ!

Dəyərli vaxtınızı çox almamaq üçün gənc yaşımda başıma gətirilən müsibətləri qısa formada Sizə çatdırmaq istəyirəm. Mən məktəbi bitirdikdən az sonra – 19 yaşımda ailəmin təkidli istəyi ilə əvvəllər tanımadığım, Sabunçu rayonunda yaşayan Səmədli Elvin Yunis oğlu ilə ailə həyatı qurdum. Nikahımız 23 noyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahımızdan 03.09.2021-ci il tarixdə övladımız dünyaya gəlmişdir. Nikahımızdan bir müddət sonra əvvəlcə qaynanamın, sonra isə onun təsiri ilə həyat yoldaşımın mənə qarşı münasibəti dözülməz xarakter almışdır. Demək olar ki, mütəmadi təhqir olunur, mənəvi və bəzən fiziki işgəncələrə məruz qalırdım. Bu səbəbdən bir dəfə Qəbələyə - ailəmin yanına qayıtsam da, həyat yoldaşımın yaxın qohumlarının işgəncələrin bir daha təkrarlanmayacağı vədlərinə inanaraq və ailəmin istəyi ilə geri dönmüşəm. Ancaq mənə olan münasibət daha da pisləşmişdir.

Övladım dünyaya gəldikdən sonra isə həyat yoldaşım və anası tərəfindən demək olar ki, hər gün mənəvi və fiziki işgəncələrə məruz qalır, şiddətlə üzləşirdim. Mobil telefonum əlimdən alındığından bu barədə ailəmə belə məlumat verə bilmirdim. Yalnız həyat yoldaşımın nəzarəti altında onun telefonu ilə ailəmlə danışmağıma icazə verilirdi. Bu zaman da məni övladımla hədələyib, məruz qaldığım işgəncələr barədə susmağa vadar edirdilər.

Ancaq həyat yoldaşımın, qaynanamın və hətta tez-tez bizə gələn baldızımın fiziki işgəncələri, dözülməz rəftarı o həddə çatdı ki, mən dözə bilməyib ailəmə məlumat verdim. Bunu bildikdən sonra həyat yoldaşım və qaynanam məni bərk döydülər.

Mart ayının 26-da ailə üzvlərim məni aparmağa gələndə isə övladımı əlimdən aldılar. Həmin vaxtdan artıq 1 il 8 aya yaxın müddət keçir ki, mən övladıma həsrət qalmışam. Nəinki onu bağrıma basmağıma, hətta görməyimə, səsini duymağıma belə imkan vermirlər. Bir ana kimi işgəncələrin ən dəhşətlisini yaşayıram!

Hörmətli Birinci vitse-prezident!

Dəyərli vaxtınızı çox almamaq üçün detallara toxunmuram. Ancaq qeyd edim ki, mənə verilən işgəncələrlə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etmişəm. Ekspertizaya bir neçə gün sonra getsəm də, ağır işgəncələrə məruz qaldığım təsdiqlənib. Polis şöbəsində cinayət işi başlanılsa da, nəticəsi ilə bağlı heç bir məlumat verilməyib.

Əziz Mehriban xanım!

Siz də Anasınız! İki ilə yaxın bir müddətdə övladı əlindən alınmış bir ana kimi mənim nələr çəkdiyimi, yəqin ki, təsəvvür edirsiniz. Fiziki işgəncələrdən qaçsam da, mənə dünyanın ən ağır işgəncəsini yaşadırlar. Məni övladımdan, südəmər körpəmi isə anasından ayırmaqla hər ikimizə zülm edirlər.

Övladıma hazırda “baxan” qaynanam ağır şəkər xəstəsi sayıldığından, həmçinin əsəblərində problem olduğundan körpəmin həyatı da hər an təhlükədədir.

Hörmətli Mehriban xanım!

Övladımı geri almaq üçün əvvəlcə polisə müraciət etsəm də, onlar bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirdilər. Halbuki 6 aylıq körpəni anadan ayırmağa qanunların necə və niyə icazə verdiyini mən bilmirəm!

Ondan sonra yaxınlarımın köməyi ilə vəkil tutub məhkəməyə müraciət etdik. Keçmiş həyat yoldaşım Sabunçu rayonunda yaşamasına, hətta orada mağaza müdiri işləməsinə baxmayaraq başqa ərazidə qeydiyyatda olduğu əsas (bəlkə də bəhanə) gətirilərək müracitəmə baxılmasıni bacara bildikləri qədər uzatdılar. Təbii ki, mənə övladımı əlimdən almaq üçün hər şeyi edəcəyini bildirən keçmiş həyat yoldaşımın qanunsuz və dolayı yollarla məhkəmələrə də müdaxiləsi nətəsində... 

Sabunçu rayon Məhkəməsi xeyli müddət gözlədikdən sonra işə baxmayıb Qəbələ rayon Məhkəməsinə göndərdi. Qəbələ rayon Məhkəməsi 3 aya yaxın gözlədikdən sonra hazırlıq iclasında hakim işə baxa bilməyəcəyini bildirərək işi keçmiş həyat yoldaşımın qeydiyyatda olduğu Ağdam rayon Məhkəməsinə göndərdi. 

Əziz Mehriban xanım!

Həmin vaxt məhz Sizə Müraciət etdikdən, Sizin tərəfdən müraciətim nəzarətə götürüldükdən sonra Ağdam rayon Məhkəməsində işə baxılmağa başlanıdı. Məhkəmə proseslərinin yekununda Ağdam rayon Məhkəməsi (hakim Rafiq Qurbanov) övladım Yunus Səmədlinin ana kimi mənim himayəmə veriməsinə dair qətnamə çıxardı. Bundan sonra qarşı tərəf apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. 2 ay da qarşı tərəfin Ali Məhkıməyə müraciət edə biləcəyi gözlənilərək, qərarın icraya yönəldilməsi gecikdirildi. Ancaq qarşı tərəf Ali Məhkəməyə müraciət etmədi.

Hörmətli Birinci vitse-prezident!

Uzun ayrılıqdan sonra nəhayət övladıma qovuşacağımı gözlədiyim halda bu dəfə yeni bir problem yaratdılar. Belə ki, məhkəmə qərarının icrası üçün Ağdam rayon İcra Şöbəsinə müraciət etdik. Ordan keçmiş həyat yoldaşımın Sabuncu rayonunda yaşadığı əsas gətirilərək icra məktubununun Sabunçu İcra Şöbəsinə göndərildiyi bildirildi.

 

 

Dəfələrlə müraciət etdikdən sonra noyabr ayının əvvəlində Sabunçu rayon İcra Şöbəsinə işin icra məmuru Hafiz İsrafilovun nəzarətində olduğu bildirildi. Bu dəfə də icra məmuru məhkəmənin qərarını yerinə yetirə bilməyəciyini bəyan etdi. Ağdam rayon İcra Şöbəsindən onlara yalnız aliment qərarının icrasının təmin olunmasına dair məktub gəldiyini iddia edirlər. Ağdam rayon Məhkəməsinin 2 (103) -245/2023 saylı qətnamənin qət edirəm hissəsində “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızını himayəsinə verilsin” ifadəsi qeyd olunsa da, İcra Şöbəsi bunu icra etməkdən imtina edir. Sabunçu İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov məhkəmənin bu qərarının övladımın mənə verilməsi üçün əsas yaratmadığını bildirir. Ağdam İcra Şöbəsindən onlara övladımın mənə alınıb verilməsinə dair məktub göndərmədiklərini iddia edir. Məsələni Ağdam İcra Şöbəsi ilə “həll etməyimiz” məsləhət bilinir. 

Ağdam İcra Şöbəsi isə icra işini Sabunçu İcra Şöbəsinin yerinə yetirməli olduğu bildirərək, məsuliyyəti öz üzərindən atır. Sabunçu İcra Şöbəsinə hansı məzmunda məktub göndərdiklərinə dair izahat belə verməkdən imtina edirlər.

Əziz Mehriban xanım!

Mən də, ailəm də sadə insanlarıq. Biz hara gedək, dərdimizi kimə deyək, bilmirik. İki ilə yaxındır övlad həsrəti ilə məhkəmə qapılarında qalmışdıq. İndi isə Ağdam və Sabuncu İcra Şöbələrində bizə açıq şəkildə məhkəmənin qətnaməsinin övladımın mənim himayəmə verilməsinə dair hissəsini yerinə yetirməyəcəklərini deyirlər. Əgər məhkəmənin qərarı da yerinə yetirilməyəcəksə, onda bu qərar niyə çıxarılırdı? Artıq nə qanunlara, ədalətə inamım qalıb, nə də hələ 6 aylıq ikən işgəncələrlə əlimdən alınan övladımın həsrətinə dözə bilirəm. Mənə intihar etməkdən başqa çıxış yolu buraxımırlar...

Hörmətli Birinci vitse-prezident!

Əziz Mehriban xanım!

Son ümid yerim Sizsiniz! Sizdən başqa kömək gözləyəcəyim heç kimim yoxdur. Keçmiş həyat yoldaşımın mənə verdiyi işgəncələrə görə cəza almadığı kimi, övladımı da qanunsuz yollarla əlimdən alacağından qorxuram! Ağdam və Sabuncu İcra Şöbələrinə kirli oyunlarının arxasında da onun maddi imkanlarının dayandığını gümah edirəm.

Artıq övladımdan ayrı yaşaya bilmirəm! Sizdən övladına həsrət qalan gözüyaşlı çarəsiz ana kimi xahiş edirəm, mənim övladıma qovuşmağıma köməklik göstərəsiniz. Övladımın mənim himayəmə verilməsinə dair məhkəmənin qətnaməsinin icrasını öz nəzarətinizə götürəsiniz.

Ümidim göydə Allaha, yerdə Sizədir!

Hörmətlə, Səmədli Fəridə Vaqif qızı (Tel: 051 535 17 93)”.

Qeyd edək ki, İcra şöbələrinin rəhbərlərinin və məmurlarının artıq nəyinsə müqabilində məhkəmə qərarının icrasından imtina etməyə başlaması ölkədə hüquqi nihilizmin dəhşətli səviyyəyə çatması təsəvvürünü yaradır. 

Bunu Azərbaycanda hüquq deyilən heç nəyin qalmadığını göstərmək üçün qəsdən edirlər, yoxsa qarşı tərəflə sövdələşib belə addım atıblar, bilmirik. Ancaq istənilən halda bunun məntiqi izahı yoxdur, dövlətin imicinə vurulmuş ağır zərbə, hətta cinayətdir. Bunun arxasında kimlərin olduğunu, körpənin hansı məqsədlə, nəyin müqabilində ananın himayəsinə verilmədiyini araşdırmağa çalışacağıq./Azpolitika.info