Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə rayon prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib.
İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***15:03
Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının meyiti aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Bildirilib ki, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır