Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı V.V.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsın.
İttiham görə, V.V. ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İrandan Azərbaycana qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən və aviabilet almaq üçün maddi imkanı olmadığından ölkəmizdə yaşamaq və işləmək məqsədilə 2023-cü ilin dekabrında Azərbaycanın mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “N” nömrəli hərbi hissəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisində yerləşən zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq keçib. Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Əcnəbinin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb./pravda.az