İçki məclisində danışılan söhbət ölümlə bitdi - Bakıdakı qətlin təfərrüatı

Bakıda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Rza Bayramovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Binə qəsəbəsində baş verib. Qəsəbə sakini Rza Bayramov münaqişə zəminində tanışı Elşən Qafarovu bıçaqlayıb. Elşən Qafarov hadisə yerində ölüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rza Bayramov saxlanılıb.

İş üzrə dindirilmiş Rza Bayramov ifadəsində, avqustun 30-u saat 16:00 radələrində qonşuluqda yaşayan Müşfiq Novruzovla Binə qəsəbəsində yerləşən kafelərin birində oturduqlarını bildirib. Təxminən 1 saatdan sonra ora Elşən Qafarov və İlham Bayramov gəliblər. Araq içən kimi Elşən artıq-əskik danışmağa başlayıb. Tanışları İ.G-nın şərəfsiz olduğunu bildirərək barəsində nalayiq ifadələr işlədib. 

Rza müdaxilə etdikdə Qafarov üstünə qışqırıb onun da ünvanına söyüşlər söyüb və Müşfiqlə birlikdə kafedən uzaqlaşıb. 

Bir-iki dəqiqədən sonra Elşən zəng edib söhbəti olduğunu bildirərək onu dəmir yolu keçidinin yanına çağırıb. İdarə etdiyi avtomobildən düşən kimi Qafarov yenədə söyüş söyüb, təpiklə ayağından vurub. Müşfiq Elşənin üstünə getməyə qoymayıb. Onun əllərindən tutub maşına otuzdurub və çıxıb getməsini xahiş edib. Buna baxmayaraq Elşən əl edərək yenə də avtomobilini saxlatdırıb. 

Rza Bayramov bildirib ki, Qafarovun onu vuracağını düşündüyü üçün maşının saxlanc yerindən bıçaq götürüb. Kəsici aləti nümayiş etdirib ki, bəlkə Elşən qorxub geri çəkilər. Lakin sonuncu əksinə, üstünə gəlib kəllə ilə ona zərbə endirib. Köynəyinin yaxasından elə tutub ki, Rza nəfər almaqda artıq çətinlik çəkib. Məcbur olaraq sağ əlində tutduğu bıçaqla Elşənin sol qoluna xəsarət yetirib. Qafarov dərhal onun köynəyini buraxıb. Rza hadisə yerindən uzaqlaşıb. Qaynı ilə birlikdə 2-ci polis bölməsinə gəlib və təslim olub. 

Bayramov əlavə edib ki, Qafarovu vurmaq və ya öldürmək fikri olmayıb.

Məhkəmə prosesində Rza Bayramov ittiham üzrə özünü təqsirli bilməyib. 

Sonda məhkəmənin hökmü ilə Rza Bayramov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub./olke.az