“Qəzzada uzun müddət ərzində baş verən proseslər çox ciddi narahatlıq mənbəyidir. Bu müstəvidə ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən sülh planını çox müsbət qarşıladıq”.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçı ilə birgə mətbuat konfransında Azərbaycan qüvvələrinin Qəzzada yaradılması planlaşdırılan sabitlik qüvvələrində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.
C. Bayramov qeyd edib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən məsələ ilə bağlı müvafiq qətnamə qəbul olunub və ölkəmiz buna da öz dəstəyini verib: “Azərbaycan beynəlxalq sabitləşdirici qüvvələrə dəvət almışdı. Biz ora dəvət edilən ilk ölkələrdən olmuşuq. Bu məsələdə bizim üçün sual doğuran, narahat edən məqamlar var və bunlarla bağlı sorğularımızı ünvanladıq. Tam təhlilin aparılması üçün məlumatların dolğun olması zəruridir. Orada mandatla, eyni zamanda həmin qüvvələrdə iştirak edən digər ölkələr barədə suallar var. Tərəfimizdən qaldırılan bir çox sualların cavabları yoxdur. Hazırda Azərbaycanın Qəzzadakı sülhməramlı qüvvələrin tərkibində iştirakı ilə bağlı qərar yoxdur”.
Araqçı isə öz növbəsində vurğulayıb ki, ölkəsi Qəzzada fələstinlilərə qarşı törədilən qırğının qarşısının alınmasına qarşı istənilən addımı alqışlayır: “Heç bir plan Fələstin xalqını öz suveren hüququndan məhrum etməməlidir. Onlar öz ərazilərinə hakim olmalıdırlar”.