Həmkəndlisinin avtomobilini atəşə tutdu - QAZAXDA SİLAHLI QARŞIDURMA

Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Qazax rayon Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov həmkəndlisi 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi "VAZ" markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.