“Həbsxanalarda “psixologiya klubu” yaradılmalı, narkoman məhbuslarla seanslar təşkil olunmalıdır” – RƏŞADƏT ƏSGƏROV

“Narkomaniyaya və narkobiznesə qarşı mübarizə çərçivəsində dövlət səviyyəsində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilməlidir”.

Stopnarkotik.az xəbər verir ki, bunu Bilesuvarinfo.az saytının rəhbəri Rəşadət Əsgərov bildirib.

O, hesab edir ki, hər bir ailədə uşaqlara qarşı valideyn sevgisi əsirgənməməlidir:

“Bundan əlavə, valideynlər övladlarının ətrafındakı dostları haqqında mütəmadi məlumatlar almalı, uşaqlarını təhsil və mədəniyyət sahəsində istiqamətləndirərək, onların asudə vaxtının səmərəli keçirməsinə çalışmalıdır”.

R.Əsgərovun fikrincə, bu məsələdə dini təbliğatın önəmi də böyükdür: “Məsələn, hüzur məclislərində mollalar tərəfindən dini təbliğat aparılmalı, vətəndaşlar, xüsusilə gənclər alkoqollu içkilərin zərəri ilə yanaşı, narkomaniyanın ziyanlı vərdişləri və əlamətləri haqqında da maarifləndirilməlidir”.

Rəşadət Əsgərov deyir ki, həbsxanalarda ayrıca müalicə disponserlərinin yaradılması və aidiyyəti qurumun nəzdində “psixologiya klubu” təşkil edilərək, mütəmadi fəaliyyət xəritəsi hazırlanmalı, davamlı şəkildə narkoman məhbuslarla seanslar təşkil olunmalıdır.

Jurnalist bu fikirdədir ki, birmənalı olaraq tanınmış insanların, xüsusilə müğənnilərin, aktyorların, media nümayəndələrinin, digər sənət adamlarının cəmiyyətdəki nüfuzundan faydalanaraq, narkomaniyaya qarşı mübarizədə onların potensialından istifadə etmək lazımdır.

“Narkotik satışını həyata keçirən şəxslərin cəzalandırılması ilə yanaşı, o şəxslər haqqında məlumatı olub, lazımi orqanlara informasiya verməyən şəxslər haqqında da cəza tədbirləri görülə bilər”, - deyə R.Əsgərov əlavə edib.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az