Nərimanov Rayon Məhkəməsində cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə cəhddə təqsirləndirilən Sakit Nəcəfovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatətlə məhkəmə müraciət edib.
O, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində Cinayət Məcəlləsinin (CM) 29, 317-1.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə yanaşı, daha ağır cinayətin, yəni CM-in 234.3-1-ci (Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, Sakit Nəcəfova həmin maddə ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş edib.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Təqsirləndirilən şəxs CM-in 29, 317-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və iş Sakit Nəcəfova başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Sakit Nəcəfov narkotikə görə həbs edilmiş və hazırda Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı ilə 2024-cü ildə qısa müddətli görüşə gedib. Onun üzərinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı şalvarının sağ yan cibindən cəza çəkən qardaşına vermək məqsədilə apardığı çəkisi 0,10 qram olan marixuana aşkar edilərək götürülüb./pravda.az