Həbsdə ola-ola cinayət törətmişdi - DAHA 5 İL CƏZA ALDI

Cəzaçəkmə müəssisəsində məhkum yoldaşının boğazını kəsərək ağır xəsarət yetirməkdə ittiham olunan Azər Şaliyevin məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Müttəhim Şalıyev Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə mühakimə edilirdi. Prokuror da onun həmin sanksiya həddində cəzalanmasını istəyib.

Faiq Qəniyevin sədrlik etdiyi hakimlər işin halları ilə hərtərəfli tanış olduqdan sonra təqsirləndirilən şəxsin əməlini daha yüngül maddəyə (127.2.3-cü-qəsdən sağlamlığa az zərər vurma) tövsif ediblər.

Hökmə əsasən, A.Şalıyevə əvvəldən çəkilməmiş qalan 1 illik cəzası da birləşdirilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, həm Azər Şaliyev, həm zərərçəkmiş Şəhriyar Baxışəliyev 10 il əvvəl 13 il azadlıqdan məhrum ediliblər. Onlar bir təcridxanada cəza çəkiblər. Aralarındakı davaya səbəb isə Şəhriyarın Azərin istifadə etdiyi dolabda saxladığı şəxsi kitabçaya icazəsiz baxması olub. Azər məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən ülgüclə kəsib. Sonuncu xəstəxanaya yerləşdirilib./"qafqazinfo"