Gəncədə ata oğlunu bıçaqladı - "QORXUTMAQ İSTƏYİRDİM..."

Gəncə Ağır Cinayətlər Məhkəməsi oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verib.

Stopnarkotik.az “unikal”a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Zilfəli Allahverdiyev yüksək səslə danışaraq onun yatmasına mane olduğuna görə, oğlu Namiqlə mübahisə edib. Həmçinin oğlu onun ünvanına söyüş söydüyü üçün Z.Allahverdiyev qəzəblənib və mətbəx bıçağı ilə həyat yoldaşı Səmərqənd Allahverdiyevanın gözü qarşısında oğlu Namiqi qarın nahiyəsindən bıçaqlayıb.

Məhkəmədə ifadə verən Zilfəli hadisəni necə törətdiyindən danışıb:

“Mən otağa keçdikdə əlimdə olan bıçaqla oğlum Namiqin qarın nahiyəsinə bir zərbə vuraraq onu qorxutmaq istədim. Bundan sonra mən etdiyim əməldən peşman olaraq arvadım Səmərqəndə oğlum Namiqi bıçaqla vurduğumu deyərək təcili yardım çağırmasını bildirdim”.

Namiq isə ifadəsində qeyd edib ki, hadisədən əvvəl anası atasına irad bildirib:

“Həmin vaxt atam anamı vurmağa başladı. Mən tez anama yaxınlaşıb ona kömək etməyə başladım bundan sonra atam mətbəxə keçib bıçaq götürdü və mənim üstümə gəldi, qarnıma bir zərbə vurdu”, - deyə zərərçəkmiş şəxs bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.