Gəlinini və azyaşlı nəvəsini baltalayan şəxsin məhkəməsi başlayır

Sumqayıtda gəlinini və nəvəsini baltalayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən Şahbala Mirzəməmmədovun cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov bu ilin mart ayında gəlini - 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə ağır xəsarətlər yetirib.

Təqsirləndirilən Şahbala Mirzəməmmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.