Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərmin Abdullayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest qismən təmin edilib, Hacıqabul Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Fərmin Abdullayevin şübhəli şəxs qismində tutulduğu, habelə qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 5 gün müddət həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının (elektron qolbaq) bir gününə iki gün hesablanmaqla, cəmi 6 ay 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İttihama görə, Fərmin Abdullayev Fövqəladə Hallar Nazirliyinin Xidmətinin Ucar rayon Hissəsinin daxili xidmət baş çavuşu – sürücüsü vəzifəsində işləyib. O, həmin zaman tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Ağaverdi Ağaverdiyevin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib. Belə ki, təqsirləndirilən şəxs bu məqsədlə tanışı zərərçəkmiş şəxsin oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi barədə yalan vədlər verib. Fərmin 2020-ci ildə FHN-in Hacıqabul rayonunda yerləşən Hissəsinin qarşısında Ağaverdi Ağaverdiyevin 12 000 manat pulunu ələ keçirməklə dələduzluq edib.
Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bundan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək məhkəməsinin hökmünün cinayət qanununun normasının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş edib./pravda.az