"Fantastik" narkotik gəlirlərini "yuyan" məşhur narkobaron ələ keçdi

Bosniya və Herseqovinanın hüquq-mühafizə orqanları Avropolun dəstəyi ilə Aİ-nin ən çox axtarılanlar siyahısında olan narkobaronu həbs edib. Bildirilir ki, şübhəli Avropa İttifaqına kokain və heroinin qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar qrupun lideridir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Avropol məlumat yayıb. Həbs edilən şəxs uzun müddətdir ki, Sloveniya hakimiyyəti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasına görə axtarışda olub. Şübhəli şəxs avtomobillərlə narkotik daşınması üçün adamları yoldan çıxarıb və avtomobillərin xüsusi qurulmuş gizli bölmələrində narkotik vasitələri daşıyıb.

Bu qrup daha sonra daşınmaz əmlak və dəbdəbəli avtomobillər əldə etməklə narkotikdən gələn gəlirlərlə fantastik məbləğləri “yuyub”. Əməliyyat zamanı qadağan olunmuş narkotik maddələr, odlu silah və döyüş sursatı, telefonlar, nəqliyyat vasitələri, elektron avadanlıqlar və 120 min avrodan çox nağd pul müsadirə olunub.

Stopnarkotik.az