Dələduzluq yolu ilə külli miqdarda zərərvurma… - AZƏRBAYCANDA BU TİPLİ CİNAYƏTLƏRİN SAYI NİYƏ ARTIR?

Babək Həmidov: “Bunun cəzasızlıq mühiti ilə əlaqəsi varmı-yoxmu, buna cavab vermək çox çətindir”

“Azərbaycanda ən çox törədilən cinayətlərdən biri məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə qadağan edilən dələduzluq cinayətidir. Dələduzluq cinayətinin mahiyyəti ondan ibarətdir ki, şəxs ona olan etibardan sui-istifadə etməklə başqasının əmlakını ələ keçirir. Nəticə etibarilə, özgənin əmlakı hesabına özü və yaxud da üçüncü bir şəxsin qanunsuz varlanmasına səbəb olur. Bu özü-özlüyündə dələduzluq cinayətinin əməlini ehtiva edir”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas, vəkil Babək Həmidov açıqlama verib. Onun fikrincə, ölkədə son dönəmlər dələduzluq cinayətinin çoxalmasının səbəbi həm də bu kimi cinayətlərin artıq kibercinayətkarlıq səviyyəsində edilməsi ilə bağlıdır: “Kibercinayətkarlıq səviyyəsində edilən dələduzluq cinayətləri həm də şəxsləri, məsələn, banklardan, sığorta şirkətlərindən, müxtəlif fondlardan, müxtəlif elektron pullardan qazanc əldə edən şirkətlərin vasitəsitəçisi kimi təqdim edərək, elə bir görüntü yaradaraq zəng edib şəxslərin pullarını mənimsəməklə baş verir. Məhz buna görə də, ölkədə kibercinayətkarlığın ən yayılmış formalarından biri də yekun əməldə dələduzluq cinayətinin baş verməsi olur. Bunun cəzasızlıq mühiti ilə əlaqəsi varmı-yoxmu, buna cavab vermək çox çətindir. Çünki konkret olaraq Cinayət Məcəlləsindəki 178-ci maddənin sanksiyaları göstərilib və ictimai təhlükəlilik dərəcəsinə görə də böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır hesab olunan dələduzluq cinayətləri var. Bu, şəxsə vurulan zərərin məbləğindən asılı olaraq dəyişir. O cümlədən digər hallar var ki, dələduzluq cinayəti bir qrup şəxs tərəfindən törədildikdə, qulluq mövqeyindən istifadə etməklə törədildikdə də ağır cinayət hesab olunur və ictimai təhlükəliliyi daha da artır. Adekvat cəza da aidiyyəti üzrə məhkəmə tərəfindən təyin olunur”.

Qeyd edək ki, qanunvericilikdə “xeyli miqdarda” və “külli miqdarda” zərərvurma ifadələri öz təsdiqini tapıb. Lakin təəssüf ki, bəzi hallarda “xeyli miqdarda” və “külli miqdarda” zərər vuran şəxslərə verilən cəzalar bir-birindən çox da fərqlənmir. Məsələn, bir neçə min manatla bir neçə milyon manat mənimsəyən şəxslər arasında fərq qoyulmur. Bəs, bu proses necə tənzimlənməlidir? Babək Həmidov məsələ ilə bağlı bunları dedi: “Burada bir məsələ var, dələduzluq cinayətini digər cinayətlərdən fərqləndirən məsələlərdən biri odur ki, dələduzluq cinayəti maddi zərər vurma ilə nəticələnən cinayətdir. Yəni həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid deyil. Nəticə etibarilə dələduzluq cinayətində əgər cinayət ilk dəfə törədilərsə, böyük ictimai təhlükə törətməzsə, şəxsin zərərinin tam ödənilməsi və barışıq cinayət əməlinin xitamına səbəb olur. O cümlədən də artıq az ağır, ağır və yaxud da xüsusilə ağır dələduzluq cinayəti törədilərsə, əsas məsələ zərər ödənildikdən sonra və orada qanunvericiliklə müəyyən edilən müəyyən faiz dövlət hesabına keçirildikdən sonra artıq şəxs barəsində aparılan cinayət işinə məhkəmə tərəfindən xitam verilə bilir. Və yaxud əgər şəxs dövlət tərəfinə pul ödəməzsə, zərəri əhəmiyyətli dərəcədə ödəsə, məhkəmə bu kimi hallarda zərərin ödənildiyini əsas götürüb, şəxsin barəsində daha yüngül cəza təyin edə bilir. Yəni nəticə etibarilə, eyni əməlin törədilməsi nəticəsində cəzaların fərqli olması işin xüsusi hallarına görə ola bilər. Elə bir cinayət işi ola bilər ki, orada törədilən əməl, məbləğ bir-birinə yaxın ola bilər. Lakin biri daha az, gigəri daha ağır cəza alar. Bunun mahiyyəti ondan ibarətdir ki, məsələn, iş üzrə xüsusi hallardan biri kimi şəxs vurduğu zərəri tam ödəmiş ola bilər və yaxud da zərəri əhəmiyyətli şəkildə ödəmiş, yaxud da zərərçəkənlə əvəzləşdirmiş ola bilər. Belə olan halda məhkəmə onlara qiymət verir və bu şəxsə cəza təyin edilərkən şəxs haqqında daha yüngül cəza seçilə bilir”.

B.Həmidov onu da vurğuladı ki, əgər hər hansı bir formada xeyli miqdarda, külli miqdarda və yaxud da ki, xüsusilə külli miqdarda zərərvurma ilə dələduzluq cinayəti baş verirsə, belə olan halda şəxs zərəri tam, yaxud da qismən hər hansı bir formada ödəmirsə, Cinayət Məcəlləsinin 178.2, 178.3 maddələrinin sanksiyası həcmində ağır, az ağır və yaxud da xüsusilə ağır cəza təyin edilə bilir: “Bu, artıq şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı cəza təyin edilərkən, müddəti nəzərə alınmaqla adekvat cəza hesab olunur və hakim məhkuma ədaləti bu kimi cəza təyin etməklə təmin etmiş hesab olunur. Nəticə etibarilə, bu şəxsə 5 il, 8 il, 10 il azadlıqdan məhrumetmə cəzası verilməsi onu vurduğu maddi zərərdən azad etmir. Yəni şəxs əgər maddi zərər vurubsa, nəticə etibarilə həmin maddi zərəri cəzanı çəkib qurtardıqdan sonra da ödəmək öhdəliyini daşıyır. Belə olan halda artıq zərərçəkən gərək məhkəmə qarşısında mülki iddia qaldırsın, məhkəmə də həmin mülki iddianı təmin etməklə şəxsə həm azadlıqdan məhrumetmə cəzası verir, həm də şəxsin vurduğu zərər, məsələn, iki yüz min manat məbləğində zərərin təqsirləndirilən şəxsdən tutulması, zərərçəkən şəxsə ödənilməsi qərarını verir”.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az