Çayxanada "vorzakon" söhbəti: Çaynikin lüləyinə görə ofisiantın başına külqabı çırpdı

Qubada qadın qarşı xuliqanlıq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Hadisə Quba şəhəri Timirzayev qəsəbəsində baş verib.

Quba sakini, 1977-ci il təvəllüdlü Elvin Abduləzizov (soyadlar şərtidir) daimi müştərisi olduğu “480” adlı çay evində ofisiant xanıma qarşı xuliqanlıq edib.

Belə ki, o, Nəzirə adlı qadının gətirdiyi çaynikin lüləyini onun istiqamətdə qoymasına irad bildirərək mübahisə edib. Sərxoş halda olan şəxs özündən çıxaraq masadakı külqabını qadının başına çırpıb.

Barəsində Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanılan Elvin bildirib ki, Nəzirə daha əvvəl də çaynikin lüləyini ona tərəf qoyub və həmin vaxt ona irad bildirib:

“Axşam saatlarında Timiryazev qəsəbəsindəki “480” adlı çay evinə gedib 5-6 bakal pivə qəbul eləmişdim. Sonra çay sifariş etdim. Bu zaman Nəzirə stola yaxınlaşıb çayniki masanın üzərinə qoydu, çaynikin lüləsini mənə tərəf çevirdi. Mən də Nəzirəyə “çaynikin lüləsini mənə tərəf qoyma” dedim. Nəzirə heç nə demədən masadan uzaqlaşıb getdi. Həmin günü axşam saatlarında çay evini işlədən Aynur adlı xanıma "whatsap"la ismarıc yazıb bundan sonra mənə Nəzirənin deyil, Ayan adlı işçinin qulluq eləməsini dedim. Bundan 1 gün sonra yenidən çay evinə getdim, 2-3 bakal pivə içdim, bir qədər oturduqdan sonra tanımadığım şəxslərin təklifinə əsasən onların masasına əyləşdim, onlarla spirtli içki qəbul etdim. Həmin günü saat 17 radələrində işim olduğundan kafedən çıxıb getdim. Bir qədər keçdikdən sonra Aynur onunla əlaqə saxlayaraq bir qədər öncə yanında oturduğum şəxslərin hesabın mənim ödəməli ölacağımı deyərək getdiklərini bildirdi. 15-20 dəqiqə sonra həmin çay evinə qayıtdım. Bir qədər sonra Nəzirə çay gətirdi, çayniki masanın üzərinə qoydu, lüləsini yenə də mənə tərəf çevirdi. Nəzirəyə “çayı Ayanın gətirməyini istəmişdim. Sən niyə mənim stoluma qulluq edirsən?” deyə soruşdum. O da cavabında “Ayan başqa stola baxır, ona görə mən qulluq edirəm”, dedi. Ona “dünən sənə demişdim axı çayniki lüləsini mənə tərəf qoyma” dedim. Nəzirədə da qışqırıb “mən vorzakon deyiləm, avtoritet deyiləm, mən nə bilim çayniki sən tərəfə qoymaq nə deməkdi” dedi”.

Bundan sonra tərəflər arasında münaqişə olub və çoxsaylı müştərilərin içində Elvin masadakı külqabını götürərək Nəzirənin başına çırpıb və ona xəsarət yetirib.

Hadisə ilə bağlı açılmış cinayət işinə bu ilin yanvarında Quba rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./publika.az