Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Vladimir Putinin G20 sammitində Rusiyanın guya sülh danışıqlarına hazır olması, lakin Ukraynanın bundan imtina etməsi ilə bağlı bəyanatlarına cavab verib.
Ukrayna mətbuatı xəbər verir ki, Podolyak Putinin söylədiklərinin onun qeyri-adekvat biri olduğunu təsdiqlədiyini deyib: “Ümumiyyətlə, bunlar qəribə gəlir: “biz (ruslar – red.) sülh danışıqlarına hazırıq” deyir. Yəni, siz (Ukraynanın üzərinə) müharibə ilə gedirsiniz və onlarla sülhdən danışmaq üçün insanları qəsdən öldürürsünüz? Bu, spesifik şizofreniyadır, biz hər şeyi öz adları ilə çağırırıq. Amma Putin özünü həmişə belə aparıb - o, hər zaman absurd şeylər deyib. Bu gün isə bütün bunlar aydın görünür".
Podolyak qeyd edib ki, Putinin çıxışı “onun adekvat, realist, güvəniləcək birisi olmadığını, həmçinin, onun hansısa təhlil aparmaq üçün baza biliyinə belə sahib olmadığını” açıq şəkildə nümayiş etdirir.
Xatırladaq ki, Putin son çıxışında deyib: “Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib. Rusiya deyil, Ukrayna danışıqlar prosesindən çəkildiyini açıq elan edib. Üstəlik, dövlət başçısının Rusiya ilə belə danışıqların aparılmasını qadağan edən fərmanı imzalanıb”.