Son illər Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə aparıldığı kimsəyə sirr deyil. Demək olar ki, hər gün onlarla narkotik alverçisi saxlanılır və barələrində hüquqi tədbir görülür. Maraqlıdır ki, saxlanılan şəxslər birmənalı olaraq narkotiki hansısa iranlı narkotacirdən, yaxud da tanımadıqları İran vətəndaşlarından aldıqlarını bildirirlər. Hətta artıq Azərbaycanda həmin narkotacirlərin isimləri də məşhurdur: “Behzat”, “Mobil”, “Seyfur Rza”, “İsa”, “Hadi” və s.
Məsələn, sonuncu dəfə Bakının Nəsimi rayonunda “Behzat” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan şəxsdən 3 kiloqram heroin və tiryək götürüldü. Daxili İşlər Nazirliyindən (DİN) bildirildi ki, narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Ələkbərov saxlanılaraq istintaqa təqdim edilib: “Onun üzərinə baxış zamanı əlindəki çantadan ümumilikdə 3 kiloqram yüksək təsiredici narkotik vasitələr hesa edilən heroin və tiryək aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, Elnur Ələkbərov şəxsiyyəti istintaqla araşdırılan “Behzat” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul edib”.
Bundan əvvəl isə "Mobil", “Seyfur Rza”, “İsa”, “Hadi” və s. adlı iranlı narkotacirlərin şəbəkəsinə daxil olan onlarla şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış və barələrində həbs qətimkan tədbiri seçilmişdi.
Söhbət yalnız son bir neçə həftə ərzində həyata keçirilən həbslərdən gedir. Bəllidir ki, əvvəlki aylarda da müxtəlif isimli iranlı narkotacirlərə xidmət edən, onların narkotikini satan yüzlərlə, minlərlər vətəndaşımız saxlanılaraq, barələrində müvafiq tədbirlər görülmüşdür.
Təbii ki, istər DİN-in, istər də digər qurumların Azərbaycanda narkotik satışının qarşısının alınması istiqamətində göstərdikləri fəaliyyət təqdir olunmalıdır. Üstəlik, Azərbaycanda sonuncu narkotacir həbsə atılanadək bu fəaliyyət davam etməli və ölkəmizdə “ağ ölüm”ə son qoyulmalıdır.
Bütün bunlar öz yerində. Bəs, adları cəmiyyətimizə bəlli olan "Mobil", “Seyfur Rza”, “İsa”, “Hadi” və s. narkotacirlər kimlərdir və onlar barəsində niyə hansısa tədbir görülmür? Əlbəttə, sual oluna bilər ki, onlar İran vətəndaşlarıdır, Azərbaycanın müvafiq qurumları həmin şəxslər barəsində necə tədbir görə bilər?! Təbii ki, biz bunun fərqindəyik. Amma söhbət yüzlərlə və minlərlə vətəndaşımızın həbsindən gedirsə, deməli, məlum narkotik şəbəkəsi yalnız İrandan idarə oluna bilməz və şübhə yoxdur ki, təxəllüsləri ölkəmizdə məşhur olan narkotacirlər zaman-zaman Azərbaycana da də girib-çıxırlar. Bir halda ki, onlarla bu və ya digər şəkildə təmasda olan çox sayda insan ələ keçib, böyük ehtimalla əksəriyyəti də istintaqa lazım olan informasiyaları verib, o zaman indiyədək həmin narkotik şəbəkəsinin başında duran şəxslərdən heç olmasa 1-2 nəfəri ölkəmizdə saxlamaq mümkün olardı. Əgər belə bir fakt yoxdursa, istər-istəməz düşünməli olursan ki, ümumiyyətlə, “Behzat”, “Mobil”, “Seyfur Rza”, “İsa”, “Hadi” və adlı narkotacirlər varmı, yoxsa onlar sadəcə kimlərinsə maraqlarına xidmət edən uydurma isimlərdir?!
Stopnarkotik.az
P.S. Mövzunu davam etdirəcəyik.