Bakıdan rayona qayıdan ər arvadını oyun oynayanda tutdu: “Kişilərlə nə edirsən?” – TƏFƏRRÜAT

Neftçala rayonunda 1990-cı il təvəllüdlü Mübariz ailə münaqişəsi zəminində həyat yoldaşı Marala (adlar şərti verilib – red.) xəsarət yetirib.

Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki,, hadisə ötən il oktyabrın 8-də Neftçala rayonunun qəsəbəsində baş verib.

Mübariz mübahisə zamanı yumruqla arvadının baş və üz nahiyəsinə vurub. İstintaq orqanı Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 5 il əvvəl Maralla ailə həyatı qurub: “İki övladımız var. Ailə qurduqdan sonra birlikdə Bakının Binəqədi rayonunda yaşamağa başladıq. 2022-ci ilin sentyabrında Maralın qardaşı şəhid oldu. Bundan sonra Maralın anası Leyli bizə təklif etdi ki, Neftçala rayonuna qayıdıb birlikdə yaşayaq. Yığışıb Neftçala rayonunun qəsəbəsinə gəldik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət Neftçala rayonunda qaldıqdan sonra Maral və uşaqları Leylinin yanında qoyub, özü işləmək üçün Bakı şəhərinə gedib: “10-15 gündən bir rayona gəlib onlara pul verir, yenə işə qayıdırdım.

Təxminən 3-4 ay olardı ki, Maralla aramızda müəyyən problemlər yarandı. Maral mənə məlumat vermədən qohum-qonşuya getməyə başladı. Ona qonşu ilə söhbət etməməyi və mobil telefonundan onun nömrəsini silməyi tapşırsam da buna məhəl qoymadı. Hər dəfə mənə Bakı şəhərindən çıxmamışdan əvvəl zəng edərək məlumat verməyimi istəyirdi. Onun bu hərəkəti məndə şübhə yaratdı”.

Mübarizin ifadəsinə görə, oktyabrın 8-də saat təxminən 10:30-da xəbər vermədən Neftçala rayonuna gəlib: “Qapını döydüm, qonşunun nəvəsi Nərmin qapını açdı. Evə daxil olanda mətbəxdə Maralın kiminləsə danışdığını eşitdim. Bir əlində mobil telefon, digərində çaynik tutmuşdu. Məni gördükdə özünü itirdi. Ondan kiminlə danışdığını soruşdum, “hər şeyi sənə başa salacam” dedi.

Maralın üz nahiyəsinə şillə ilə vurdum, telefon əlindən yerə düşdü. Telefonu götürdüm, amma qucağımda balaca uşağım olduğu üçün telefon əlimdən yerə düşdü. Maral da telefonu götürərək bayıra qaçdı. Onun arxasınca getdim. Pilləkəndə telefon Maralın əlindən yenə yerə düşdü. Telefonu götürmək istəyəndə ayağı sürüşdü, aşağı, birinci mərtəbəyə yıxıldı. Mən də telefonu götürdüm. Uşağı qonşunun nəvəsi Nərminə verdim.

Maral ayağa qalxaraq məndən telefonunu istədi. Telefonu ona vermədim, rayon polis şöbəsinə getdim. Şöbədə müavinlə görüşmək istədiyimi dedim. Müavinin işdə olmadığını dedilər. Bir müddət gözlədikdən sonra Bakı şəhərinə getdim. Sonradan Maralın barəmdə şikayət etdiyini və guya mənim telefonunu oğurladığımı dediyini öyrəndim. Telefonu taksi ilə Marala göndərdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Maralın sözlərinə görə, ailə qurduğu vaxtdan Mübarizlə aralarında mübahisə olub, bir neçə dəfə buna görə şikayət də edib: "2022-ci ildə qardaşım şəhid olduqdan sonra anamın tək qalmaması üçün mən, yoldaşım və uşaqlarım Neftçala rayonuna köçdük. Burada yaşadığım müddətdə də adi məsələlərə görə aramızda mübahisə yarandı”.

Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin iyun ayında əmisi oğlanları onlara gəliblər: “Mübariz bunu bəhanə edərək mənimlə mübahisə etdi. Mübarizdən boşanmaq qərarına gəldim və məhkəməyə müraciət etdim. O məni dəfələrlə öldürməklə hədələyərək düzgün hərəkət etmədiyimi dedi. Bir neçə dəfə əlində bıçaqla yaşadığım evə və iş yerimə gələrək məni öldürməklə hədələdi”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, hadisə günü saat 10:30-da qəsəbədə yaşadığı evdə 2023-cü il təvəllüdlü oğlu və qonşusunun 11 yaşlı nəvəsi Nərminlə birlikdə olduğu vaxt qapı döyülüb: “Nərmin qapını açdı. Mübarizin mətbəxə, yanıma gəldiyini gördüm. Mən özümə məxsus “İphone 15” markalı mobil telefonda “wepley” oyununa daxil olmuşdum. Çay dəmlədiyim üçün telefon masanın üzərində qalmışdı və oyunda oynayan şəxslərin səsi gəlirdi.

Mübariz mətbəxə daxil olaraq həmin səsləri eşitdi, mənə “kişilərlə danışırsan” dedi. Sonra yumruqla baş nahiyəmdən vurdu. Ona sakitləşdirməyə, oyun olduğunu başa salmağa çalışdım. Lakin Mübariz mobil telefonunu götürdü. Mən də onun arxasınca gedərək yenə səhv başa düşüyünü, telefondan oyunçuların səsi gəldiyini söylədim.

Mübariz məni tutdu, yumruqla baş nahiyəmə vurmağa başladı. Onun məni döyərək öldürəcəyindən qorxduğum üçün qapını açaraq bloka çıxdım. Səsimə qonşuların da bloka çıxdığını gördüm.

Mübariz də blokda məni tutmaq istədi. Qaçanda pilləkəndən aşağı yıxıldım. Bundan sonra huşumu itirdim. Ayıldıqda qonşunun evində olduğumu gördüm”.

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 1050 manat miqdarında cərimə olunub.