Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən Qulu Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vuqar Seyidovin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
O, Qulu Abbasovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.
Qulu Abbasovun gözdən əlil olmasını xatırladan vəkil ona ən aşağı həddə cəza verilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin son sözündən sonra hökm elan edilib. Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, qətl hadisəsi Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Onun barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qulu Abbasov ifadəsində bildirib ki, 5 il əvvəl mərhum Xanlar Əmirov onun görmə məhdudiyyətli olmasından sui-istifadə edərək ailəsinin qadın üzvlərindən birinə qarşı qeyri-etik hərəkət edib. Xanlar Əmirovla bir neçə dəfə mübahisə etsə də, onun əmisi oğlu tərəfindən müdaxilə olunduğundan insidentin qarşısı alınıb.
Tərəflər arasındakı sonuncu qanlı insident isə Qulu Abbasovun qonşusu Taleh adlı şəxsin evində baş verib. Təqsirləndirən şəxs ifadəsində bildirib: "Qonşum Talehlə süfrə arxasındaydıq, içki də içmişdik. Söhbət əsnasında Xanların ora gələcəyini eşitdim. Gözlərim görməsə də, Talehin evində masanın üstündəki qutuda həmişə bir neçə bıçaq oldugunu bilirdim. Fürsət edib, bıçaqlardan ikisini köynəyimin qollarında gizlətdim".
Hadisənin baş vermə anına gəlincə, təqsirləndirilən bildirib ki, bu, Xanlar Əmirovun ona sataşmasından sonra olub. Qulu Xanları iki bıçaq zərbəsi ilə qətlə yetirib. Sonra DİN-in "102 " qaynar xəttinə zəng edərək törətdiyi hadisə ilə bağlı məlumat verib.
qətlə yetirilən Xanlar Əmirov əvvəllər qəsdən adam öldürdüyünə görə məhkum olunub.
Qulu Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.